Eldar Kərimov / Biz yazan tarix

      Share

      Tarix deyə adlandırdığımız məfhum, dünyada yaşayıb ad qoyan insanların həyat prinsiplərini əhatə edən yaddaş kitabçasıdır.  Bu yaddaş kitabçasında kiminin adı böyük hərflərlə, kiminin də  adı kiçik hərflərlə həkk olunub. Necə insanlar vardır ki, tarixin ən yadda qalan səhifələrində adlarını qızıl hərflərlə yazmış, elə kəslər də vardır ki, bu yaddaş kitabçasında yad edilməyi belə haqq etməmişdir.

      Mən bu yazımda tarix mövzusuyla əlaqəli olaraq nə qədim dünya tarixindən, nə orta əsrlər tarixindən, nə də yeni dünya tarixindən bəhs edəcəyəm. Burada tarixi formalaşdıran motivlər haqqında fikir formalaşdırmağımız daha məqsədə uyğun olardı.

       Tarix deyib cildlərlə kitablardan oxuduğumuz dahi şəxsiyyətlər haqqında məlumatlar və zamanın gedişinə təsir edən  hadisələr, bəzən bizim düşüncə və həyat tərzimizi formalaşdırır. Əslində həyatını oxuyub qəhrəmanlığına qibtə etdiyimiz şəxsiyyətlər bizdən nə yaradılışları, nə də qeyri-adi istedadları ilə seçilirlər. Burada sadəcə insanın istəyi və məqsədi əsas rol oynayır. Cəmiyyət arasında seçilib, yeni tarix yaratmaq istəyən insanlar bu işin öhdəsindən layiqincə gəlsələr də, bunların hər biri tarixdə rəhmətlə anılmamışdır. Nəmrudlar, Fironlar, Əbu Cəhllər əməlləri ilə tarixin lənət səhifələrini doldurduqları halda, Hz. İbrahim, Hz. Musa, Hz. Məhəmməd (s.ə.s) tarixin rəhmət səhifələrini formalaşdırdılar.

       Biz tarixdə tutduğu yerə görə insanları səciyyələndirsək görərik ki,  insanlar üç qrupdur. Bunlardan bir qismi tarixin ağ səhifələrini adları ilə bəzəyənlər, bir qismi tarixin qara səhifələrində qərar tutanlar, bir qismi də tarixin heç bir səhifəsində qərar tutmayıb yaşayanlar və ölənlərdir. Bu sinifləndirmə arasında öz yerimizi müəyyən etmək bizim vəzifəmizdir.  Gəlin adımızın gələcəkdə tarixin hansı səhifəsində zikir ediləcəyini bilmək üçün gördüyümüz işlərə və həyat tərzimizə nəzər yetirək. Bizim yaşadığımız həyat tərzi yeni tarix yaratmağa qadirdirmi, yoxsa yaradılmış tarixin tozlu səhifələrində yox olmağa məhkumdur? Bu gün bizə tarixin rəhmət səhifələrini formalaşdıran Hz. Məhəmmədin (s.ə.s) ümməti olmaq xoşbəxtliyi nəsib olubsa, deməli yaşayış və həyat tərzimizə diqqət etmək bizim borcumuzdur. Əgər günlərimiz elmlə, irfanla deyil, səviyyəsiz teleseriallar və boş əyləncələrlə keçirsə biz yeni tarix yazmaq yerinə köhnə tarixin lənətli səhifələrini vərəqləyirik. Onu xatirimizdən çıxarmayaq ki, əslində tarix bizi deyil, biz tarixi formalaşdırırıq.

                  Əminliklə deyə bilərəm ki, dünya yaranandan bəri üzərində yaşayan insanların sayı heç kimə bəlli deyildir.  Milyardlarla insan topluluğu ilə dolub boşalan  dünyada hər yaşayan insan tarixdə yeni bir səhifə açsaydı, dünyadakı tarix kitablarının sayı hesabı bilinməzdi. Deməli tarixdə yeni bir təqdirəlayiq səhifə açmaq üçün tarixin yetişdirdiyi deyil, mənəviyyatın formalaşdırdığı insan olmaq lazımdır. Bu gün biz gələcəyin tarixini yazırıq. Gəlin bu tarixi yazarkən əlimizdəki qələm imanımız, çırağımızsa gözümüzün nuru Quranımız olsun. Bəlkə o zaman gələcək nəsillər bizim şanlı tariximizi oxuyub ruhumuza rəhmət göndərərlər.

      • Hits: 783 clicks

      Tecox component by www.teglo.info