İbrahim BAZ / İSTİQBAL KÖKLƏRDƏDİR

      Share

      İstiqbal həmişə bir doğum sancısında, keçmiş isə ölüm döşəyində yaşayar. Kök keçmişdir, tumurcuq isə gələcək. Hər tumurcuq öz qidasını kökdən alır. Onun sayəsində yaşayır, cücərir, gül olur, gözəl ətir saçır. Kökü öldürmək gələcəyi qaraltmaqdır. Bu, ilahi qanundur, yəni sünnətullahdır.

      İnsan olaraq indiki anı yaşadığımız halda duyğu və düşüncələrimizin böyük əksəriyyəti keçmişlə gələcək arasında cərəyan edər. Gələcəyə rəngarəng ümid toxumları saçar, hüdudsuz xəyallar döşəyərik. Sanki zəmanətimiz var. Yaxud da keçmişin iztirabı və ya xoş anlarının xatirəsiylə nostalji yaşayarıq. İstiqbal yürüşümüzdə acılar, kədərlər arxadan vurar bizi. Ümidlər və xəyallar yaşadığımız zamanın fərqinə vardırmadan gələcəkdə yaşadıdır bizi. Halbuki xəyalı Haqq və həqiqət, xatirəsi ibrət olmayanların yolu xüsrana doğrudur. Bu hal mövzumuza fəlsəfi baxışdır. Halbuki zamanın həqiqəti işin yalnız fəlsəfəsini etməyəcək dərəcədə ülvidir və sözün ifadə etdiyi üzrə “etmək və yaşamaq” da gizlidir.

      Keçmişimiz üzərində divar hörülmüş bir çox gizli xəzinə saxlanmaqdadır. Tarix dediyimiz keçmişdə fərdi və ictimai köklərimizin şifrələri, millət və ümmət olmağın kodları vardır. Var olmağı və həyatın mənasını, bər-bəzəkli surətdə və rəngarəng qiyafətlərin içində qalmaqda zənn edən, ruh kökü çürüməyə üz tutmuş və bu səbəblə üzlərindəki solğunluğu makiyajla parıldadan və saxta işıqların qucağında yaşayan insanların sayının gündən-günə artdığı zamanımızda keçmişimizi, yəni köklərimizi tanımaq və anlamaq hər zamankından daha mox həyati əhəmiyyət daşıyır. Maddənin mayası məna olduğu üçün biz də tariximizə, yəni kökümüzə məna perspektivindən baxmaq istəyirik.

      Bizi diri tutan öldüyünü zənn etdiyimiz bədənlərindən azad olmuş ruhlar deyilmi? Harda bir söz söyləsək Nizamidən, Füzulidən, Yunusdan, Mövlanadan, Vahabzadədən sitatlarla bəzəmirikmi? Məhz o zaman alqış alırıq. Alqışlanacaq söz söyləyənlərin sözləriylə... Bir də alqışlanacaq, yəni “yaşanmağa dəyər həyat” sürənlər gəlib-keçdilər keçmişimizdən.. Bəhaəddin Nəqşibənd, Əbdülqadir Ceylani, Cüneyd Bağdadi, Mövlana, Yunus Əmrə, Əhməd Yəsəvi, Əziz Mahmud Hüdayi və başqaları. Bunlar bizim həyat köklərimizdir. Onların kökü isə üsveyi-həsənə olan Rəsuli-Kibriyadır. Bütün yolların birləşdiyi və ondan yüksəldiyi qaynaq. Aləmlərə rəhmət olan kainatın sərvəri isə Hayy və Qəyyum olan və “məni Rəbbim tərbiyə etdi, nə gözəl tərbiyə etdi” buyurduğu Mövladır kökü. O, həqiqəti-Məhəmmədiyyəni xəlq etdi. Hər şey o kökdən zühur etdi. Hər bədənə o kökdən ruh üfləndi.

      Bir də sabahın güllərinin və gözəl günlərin kökləri var. Nurlu üzləriylə, şirin dilləriylə, gülər üzləriylə, xidmətləriylə sərhədləri aşaraq abi-həyat verirlər cənnət üçün can atanlara. Biz zahiri gözümüzlə baxaraq yarpaqları və budaqları görüb güldəki tikanı fərq edərkən bütün bunların kökün üstündə durduğunu görmürük. Göstərişdən, riyadan, ciladan, boyadan uzaq, təvazökar kökləri.

      Hansı gül, hansı ağac var ki, sirri kökündə olmasın. İnsan da elə deyilmi? Nə acıdır ki, zalım və cahil olan biz insanlar yanımızda dayanıb bu günə və aydın sabahlara kök olan könül sultanlarının ürəkdən, sorğusuz-sualsız xidmətkarı ola bilmirik. Aramızdan ayrılınca anlayırıq ki, bir daha onların yerini doldurmaq çətindir. Daima hüznlü xatirələrlə yad edirik onları. Söhbətlərimizin ən müstəsna guşəsində onlar olur. 

      İctimai kökümüz Əsri-səadətdə, fərdi sir kökümüz isə silsilə ilə sərvəri-kainatdadır. Qurtuluşumuzun şifrələri buralardadır.

      Bunlardan uzaq və bixəbər yaşanan həyatı, çiçəyi yalnız budaq və yarpaq kimi zənn etmək kimidir. Halbuki suyu sağan və budaqları, gülləri sulayan köklərdir. Toplum içindəki məna köklərimiz olan könül sultanları da ilahi əsrar və əsma təcəllilərini göylərdən sağıb könlümüzü sulamaqdadır. Könlünü köklərinə açanlar nə xoşbəxtdirlər.

      Haqqa qul olmaq masivaya[1] hürr olmaqdır.


      [1] Allahdan başqa bütün varlıqlar

       

      • Hits: 802 clicks

      Tecox component by www.teglo.info