155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Osman Nuri Topbaş / İbadət vəcdiylə yaşamaq

      Share

        Ramazandakı ibadətlərimizin qəbulunun dəlili

      Ramazandan sonrakı hal və istiqamətimizdir...

      Allah təala qulluq həyatımızı gözdən keçirərək nöqsanlarımızı düzəltmək üçün mübarək günləri, xüsusilə də Ramazani-Şərifi fürsət olaraq lütf etmişdir. Bu kimi ruhani fürsət dəmlərində gündüzləri orucla, Quran tilavətiylə, xeyir-həsənatla; gecələri də təhəccüd, təfəkkür, zikr, şükür, dua və istiğfarla ehya etməyimizdə böyük əcrlər vəd etmişdir.

      Əslində bu kimi zamanlara verilən bu ilahi şövqlər əslində Allahın biz bəndələrinə ömrümüz boyu yaşamağı əmr etdiyi bir ibadət həyatının təməlini təşkil edəcək mahiyyətdədir. O mübarək zamanlarda qazanılan ibadət vəcdini və yüksək qulluq şüurunu bir ilə yaya bilməyimiz üçün mənəvi bir tərbiyədir.

      İBADƏTİN MEYVƏLƏRİ

      Ramazani-Şərifdə yaşanan ibadət iqlimi və əldə olunan qulluq səviyyəsi əkilən toxum kimidir. Bu toxumun tutub-tutmadığı ilin digər aylarında cücərərək, yarpaqlanıb çiçəklənərək və müyvələr verərək özünü göstərir. Yəni Ramazanda qazandığımız gözəllikləri və qəlbi kamilliyi Ramazandan sonra nə qədər davam etdirə bildiyimiz o ibadətlərimizin Allah qatındakı məqbul olma dərəcəsini göstərir.

      Bu etibarla tutduğumuz orucların, qıldığımız təravihlərin, verdiyimiz fitrə, zəkat və sədəqələrin, oxuduğumuz Quranların Allah qatında məqbul olub-olmadığını anlamaq üçün bunların Ramazandan sonrakı halımız üzərində necə sirayət etməsinə baxmalıyıq:

      Oruclar və sədəqələr: bizi təqvaya, şəfqət və mərhəmətə, vicdan həssaslığına nail etməli olduğu halda, əgər bu hisslər qəlbimizdə kifayət qədər inkişaf etməmiş və ruhumuz incəlməmişsə demək ki, orucu kamil mənada tutmamış, sədəqəni ədəbinə uyğun verməmiş, bu ibadətlərdən alacağımız dərsi almamışıq.

      Məqbul bir namaz insanı pisliklərdən uzaqlaşdırır. Beş vaxt fərz namaz və onlara əlavə olaraq qıldığımız nafilə namazların qəbul olub-olmadığını bilmək istəyiriksə həyatımızda günahlardan nə qədər uzaq qala bildiyimizə baxmaq kifayətdir.

      Allahı layiqincə zikr edə bilənlərə nəfs və şeytanın oxları zərər verməz. Çünki zikrullah bu iki düşmənə qarşı insanı sağlam bir qala kimi qoruyur. Ayeyi-kərimədə şeyatnın nəfsləri təhrik edərək insanı qəflətə sürükləyəcəyi və onların mallarına, övladlarına şərik olacağı bəyan edilir. (əl-İsra, 64) Elə isə nəfs və şeytanın şərindən nə qədər qoruna bildiyimizi anlamaq üçün hal və hərəkətlərimizi, bəşəri münasibətlərimizi, ailə həyatımızı və s. daima gözdən keçirməliyik. Nəfs və şeytanın bunlar üzərində bir payının olub-olmadığını təfəkkür etməliyik.

       

      SƏHƏRLƏRDƏN FEYZ ALMAQ...

      Ramazani-Şərif boyunca sahurlar səbəbiylə bir növ səhərlərdən feyz alma təlimi görmüş oluruq. Ramazandan sonrakı gecələrdə də Rəbbə xüsusi bir yaxınlıq səbəbi olan, Allah qorxusu və məhəbbəti ilə göz yaşı tökülən, əfvin qəbul olduğu, ruhani təkamülün artdığı o qiymətli anları təhəccüd, zikr, istiğfar və dua ilə ehya etməyə çalışmalıyıq.

      Səhərləri ehya etmək qəlbi ibadət vəcdiylə dolu olan Haqq dostları və saleh möminlər nəzərində doyumsuz mənəvi ləzzətdir. Necə ki, Şeyx Seyfəddin həzrətlərinin halı bunun ən gözəl misallarından biridir:

      İmam Rəbbaninin nəvəsi olan Şeyx Seyfəddin həzrətləri bəzi gecələr iki rükətdə Quranı xətm edir və Rəbbiylə xüsusi görüşə qərq olduğu həzzin heç bitməməsi eşqiylə:

      “Allahım, doymuram, gecələr nə qədər də qısadır!..” –deyə dua edərdi.

      Yenə Əli əl-Məsisi həzrətləri də həyatının sonlarına doğru:

      “Qırx ildir məni kədərləndirən yeganə şey sübhün açılmasıdır.” -buyurmuşdur.

      Bişri-Hafi həzrətlərinin ibadət səyini əks etdirən bu misal da nə qədər ibrətlidir:

      Bir nəfər onun yanına gələrək:

      “Heç olmasa gecənin bir saatında da olsa istirahət edin.” –dedi. O isə bu cavabı verdi:

      “Allah təalanın keçmiş və gələcək bütün xətalarını bağışladığı Rəsulullah gecələr mübarək ayaqları şişənə qədər ibadət etdiyi halda mən necə yata bilərəm?! Çünki mən bircə günahımın belə, Allah tərəfindən bağışlanmış olduğunu bilmirəm!...”

      Allah dostları varisi olduqları Rəsulullahın çox şükür edən bir bəndə ola bilmək eşqiylə gecələr səhərə qadər hansı ibadət vəcdi içində olduğunun şüuruyla, daima ona yaxınlaşa bilməyə çalışmışdır.

      Rəsulullah (s.ə.s) ən məşəqqətli zamanlarda və hətta səfərlərdə də təhəccüd namazını keçirməmiş, böyük bir həssaslıqla qılmışdır. Üməti-Məhəmməd olaraq bizim Ramazandan sonrakı səhərlərə göstərdiyimiz diqqət “insan sevdiyiylə bərabərdir” (Buxari, Ədəb, 96) hədisi-şərifi gərəyincə Rəsulullaha olan məhəbbətimizin ən gözəl ifadələrindən biri olacaqdır. 

      Qısaca olaraq deyə bilərik ki, Ramazani-Şərif insanı gözəl əxlaqa, saleh əməllərə və fəzilət dolu həyata hazırlayır. Bizim Ramazandan həqiqi mənada istifadə edə bilməyimizin sübutu Ramazandan sonrakı həyatımızın Ramazandan əvvəlkinə nisbətən ilahi rizaya daha müvəffəq olmasıdır.

       

      İBADƏTDƏ SƏHLƏNKARLIQ YOXDUR...

      Unutmamaq lazımdır ki, müsəlmanlıq müəyyən zamanlara məxsus bir mərasim deyil, ömürlük təqva həyatıdır. Ramazani-Şərifdən sonra ibadət həyatımız xüsusunda rahatlığa düşməmək, o ayda qazanılan gözəl vərdişləri və mənəvi xatirələri unutmamaq, ixlaslı niyyət və əməlləri tərk etməmək və beləliklə Ramazanın ruhaniyyətini mühafizə edərək gələcək Ramazana eyni könül feyziylə qovuşmaq lazımdır. Beləliklə bütün ömrü Ramazan ruhaniyyəti içində keçirmək lazımdır.

      Necə ki, Ramazan bayramı bitər-bitməz dərhal altı günlük Şəvval oruclarının müstəhəb qılınması bir tərəfdən bədəni yavaş-yavaş əvvəlki nizamanına alışdırarkən digər tərəfdən də Ramazandakı oruc ruhaniyyətini nafilələrlə davam etdirməyi təlqin edir. Halı uyğun olanlar üçün qəməri ayların on üç, on dörd, on beşinci günləri ilə həftənin bazar ertəsi və cümə axşamları oruc tutmaq da belədir.

      Yenə unutmamalıyıq ki, ilahi rəhmət hər an təcəlli edir. Mühüm olan o rəhmətə çatdıracaq səbəblərin arayışı içində olmaqdır. Buna görə də nafilə oruclarla yanaşı geniş bir infaq həyəcanıyla kasıbların könlünü alaraq qəlbimizdəki mərhəmət duyğularını canlı və təzə tuta bilmək sədəqə, zəkat və bu kimi xeyirlərlə kimsəsizlərin, yetimlərin, möhtacların yanında olmaq, bir xəstəni ziyarət edib iztirabını xəfiflətmək, dəfn mərasimlərində iştirak etmək, ümmətin dərdinə şərik olmaq Allah üçün fədakarlı və xidmət etmək daima ilahi rəhməti tüğyan etdirən müstəsna gözəlliklərdir. Peyğəmbər (s.ə.s):

      “Əshabım, bir yetim başı oxşadınızmı? Bir xəstəni ziyarət etdinizmi? Bir cənazənin dəfnində iştirak etdinizmi?..” –deyə tez-tez soruşardı.

      Bu gün ictimai ibadətlərlə yanaşı həmişə dəstəmazlı olub ibadət ruhaniyyətini qorumağa çalışmaq lazımdır. Zərurət olmasa da hər namaz vaxtı dəstəmaz təzələmək “nur üstünə nur” olduğu üçün Rəbbimizin rizasına və məhəbbətinə vəsilədir. Peyğəmbərimiz (s.ə.s) də Məkkənin fəthi gününə qədər hər namaz vaxtında dəstəmaz təzələyərdi. O gün isə beş vaxt namazın hamısını bir dəstəmazla qılaraq belə bir şeyin mümkünlüyünü göstərmiş oldu.

      Peyğəmbər varisi, Allah dostlarından Sami Əfəndi də sahib olduğu yüksək ehsan və müraqabə hissi ilə daima dəstəmazlı olmağa diqqət edər, hər namaz üçün dəstəmaz təzələyərdi.

      Allahın rizasını axtarış içində kişilər camaatla namaza davam etməlidirlər. Nə zaman olursa-olsun qəlb və bədən ahəngi içində icra edilən bütün ibadətlər Allahla bərabərlik anlarıdır. Mərifətullaha vəsilə olan elm, irfan, zikr və söhbət məclisləri də qəlbin ilahi  feyzlə dolduğu anlardır.

      Məhz Ramazandakı ibadət vəcdini ömür boyu səbir və qərarla davam etdirib Quran və Sünnəni həyatın hər mərhələsinə əks etdirməyə müvəffəq ola bilsək Allah bu hədisin əhatə dairəsinə girməyi bizə qismət edər:

      “Bəndəm, ona fərz qıldığım əməllərdən daha sevimli hər hansı bir şeylə Mənə yaxınlıq qazanmaz. Fərzlərə əlavə olaraq nafilə ibadətlərlə də yaxınlaşmağa davam edərsə nəhayət Mən onu sevərəm. Onu sevdikdə də (sanki) eşidən qulağı, görən gözü və yeriyən ayağı olaram.” (Buxari, Riqaq, 38)

      İbadətlər xüsusunda heç bir səhlənkarlıq göstərməmək lazımdır. Rəsulullah (s.ə.s) Abdullah bin Amr bin Asa belə buyurmuşdu:

      “Abdullah, filankəs kimi olma! Çünki o, gecə ibadətinə davam edərkən artıq etməməyə başladı.” (Buxari, Təhəccüd, 19)

      Rəsulullah davamlı edilən ibadətləri sevərdi. (Buxari, İman, 32)

      Quran ifadəsiylə desək, “Möhkəm əyirdiyi ipliyi sonradan sökən qadın kimi olmayın...” (ən-Nəhl, 92) təlimatına ibadət həyatımızda da diqqət etməliyik.

      Təfsir alimi Fəxrəddin Razi daimi bir qulluq vəcdi içində yaşamağın lüzumunu belə izah edir:

      “Allah təala ibadətlərə rəğbət edilsin deyə rizasının hansı ibadətdə olduğunu gizləmişdir.

      Bütün günahlardan uzaq durulsun deyə qəzəbinin hansı üsyanda olduğunu gizləmişdir.

      Bütün insanlara hörmət göstərilsin deyə insanlar arasındakı dostlarını gizləmişdir.

      Bütün dualara etibar edilsin deyə dualar arasında qəbul etdiyi duanı gizləmişdir.

      Bütün adlarına təzim edilsin deyə digər adları arasında ismi-əzəmini gizləmişdir.

      Bütün namazların ixlasla qılınması üçün namazlar arasında (ayədə müstəqil və xüsusi vurğulanan) saləti-vustanın (orta namazın) hansı olduğunu gizləmişdir.

      Çox tövbə edilsin (xüsusilə səhərlər istiğfar edilsin) deyə tövbələr arasında məqbul olanını gizləmişdir.

      Hər an ölümə hazır olma şüuru ilə yaşayaq deyə canlılar üçün ölüm vaxtını gizləmişdir.  

      Ramazan gecələrinə etina göstərilsin deyə Qədr gecəsini Ramazan gecələri arasında gizləmişdir.” (Razi, Təfsiri-Kəbir, XXIII, 281-282)

      İBADƏTİN QƏBULUNUN SÜBUTU: DAVAMLILIQ

      Möminin ibadət həyatını Allah qatında qiymətli qılan ibadəti bir an əvvəl bitiriləcək vəzifə kimi deyil, ömür boyu ifa ediləcək bir könül borcu olaraq görüb daima əda edə bilməkdir. Allah təala cənnət nemətləri ilə lütf edəcəyini müjdələdiyi bəndələrinin vəsflərini sayarkən belə buyurur:

      “O kəslər ki, daim namaz qılarlar” (əl-Məaric, 23)

      “Və o kəslər ki, namazlarını hifz edərlər” (əl-Məaric, 34)

      İbadətlərdəki davamlılıq o qədər mühümdür ki, bir hədisdə belə buyurulur:

      “Əməllərin Allaha ən sevimli olanı az da olsa davamlı olanıdır.” (Müslim, Müsafirin, 218)

      Həzrət Aişə anamız:

      “Allah Rəsulunun əməli narın və davamlı yağan yağış kimi idi.” (Buxari, Savm 64, Riqaq 18; Müslim, Müsafirin, 217) buyuraraq Rəsulullahın başladığı ibadəti davamlı etdiyini, onu heç bir zaman tərk etmədiyini bildirmişdir.

      Unutmamalıyıq ki, dəryaları dərya edən yağış damlalarının davamlı yağmasıdır. “Dama-dama göl olar” deyiblər. Buna görə də mübarək gün və gecələri ehya edib, digər günlərdə imkan varkən səhlənkar davranmaq böyük bir ziyandır.

      İnsan ömrü boyu ibadət coşqusu ilə yaşayıb əlindən gəldiyi qədər çalışqan olsa bu hal onu qəlbindəki ibadət niyyətinin qərarlığı və sonsuzluğu mənasına gəldiyi üçün Allah da ona əbədi mükafat lütf edəcəkdir. Hətta əlində olmayan səbəblərə görə nafilə bir ibadəti əda etmədikdə Allah o savabı yenə də lütf edəcəkdir. Ayədə:

      “Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları davamlı mükafat gözləyir” (ət-Tin, 6) –buyurulur.

      Müfəssirlər bu ayə haqqında; insanın bədəni ibadət edə bilməz hala gəldikdə, hətta vəfat etdiksən sonra da onun savabı niyyətindəki səmimiyyət, və sağlam vaxtlarda göstərdiyi münasibət nisbətində sonsuza qədər davam edər, -demişlər.

      Bu səbəblə fürsət və imkan varkən ibadət və saleh əməlləri davamlı şəkildə əda etməyə çalışmalıyıq. Yeri gəlmişkən, Quranda ibadətlərə aid əmrlər istimrar/davamlılıq ifadəsi daşıyır. Yəni, ilahi əmrlər ibadətlərin müəyyən zamanla məhdudlaşdırılmayıb ömür boyu ifa edilməsinin vacibliyini bəyan edir. 

      İbadətlərə qarşı tənbəllik təlqin edən şeytanı daşlamağa dair ilahi əmr də davamlılıq ifadəsi daşıyır. Mömin hər an “İlahi rəhmətdən qovulmuş şeytandan Allaha sığınıram” deyərək saleh əməllərə, gözəl əxlaq, ibadət və itaətlərə rəğbət edərək daima şeytanı daşlamalıdır.

       

      ZİYANDAN QURTULUŞ

      Əsr surəsində Allah təala “zaman”a and içir. Bununla da bir növ zamanın keçdikdən sonra geri qaytarılmayacağını, borc alınıb-verilməyəcəyini, insanın qədrini bilməkdə qafil qaldığı nemətlərdən olduğunu bildirərək bizi qəflətdən oyandırır. Dərhal arxasınca da bütün insanlığın ziyandan qurtuluşunun dörd şeylə: iman, saleh əməl, haqqı və səbri tövsiyə ilə dolu yaşamağa bağlı olduğunu bəyan edir. Yəni, bu dörd xüsusla ehya edilməyən zamanların ziyana səbəb olduğunu bildirir. Həmçinin bu surədəki and xüsusi zamana məxsus deyil, bütün ömrə şamildir. Başqa bir ayədə də:

      “Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!”  (əl-Hicr, 99) -buyurulur. Demək ki, ibadət eşqini, vəcdini heç vaxt itirməmək lazımdır.

      İbrahim bin Havvas həzrətləri buyurmuşdur:

      “Sadiq bir kimsəni ya üzərinə fərz olan bir ibadəti edərkən, ya da nafilə bir ibadətlə məşğul ikən görərsən.” Hikmət əhli də “Dünya bir anlıq zamandır. Sən onu ibadətlə keçirməyə çalış!” buyurmuşdur. (İmam Qəzali, Mükaşəfətul-Qulub, s. 166) Hər hansı bir zamanın ibadətdən kənar keçirilməməsinə çalışmalıyıq. Əbu Hazim həzrətləri deyir:

      “Əbu Hüreyrə ilə birlikdə yeni dəfn edilmiş bir qəbrin yanından keçdir. Əbu Hüreyrə dedi:

      “Sizin bəsit gördüyünüz yüngül qılınan iki rükət namaz burada (qəbirdə) sizin bu dünyanızdan daha sevimli və dəyərlidir.” (İbn Əbi Şeybə, Müsənnəf, VII, 126/34702)

      Həyat bizə axirət səadətini qazanmaq üçün verilmiş məhdud bir nemətdir. Nə təkrarı var, nə əvəzi... Elə isə fürsət əldən çıxmadan həyatın hər anını saleh əməllərlə doldurmağa çalışmalıyıq. Allahın rizasına çatdırmayan və axirətə səadət sərmayəsi olmayan vaxtlar əbədi istiqbal üçün ziyan səbəbidir.

      Düşünmək lazımdır ki, saylı günlərdən ibarət dünya həyatı nə qədər uzun görünsə də yenə saylı günlərdən ibarət Ramazan kimi çox qısa bir zamandır. Bu səbələ Ramazanl mənəvi qazanc üçün bir fürsət görüb çalışdığımız kimi ömrümüzü də bu cür dəyərləndirməliyik. 

      Bu züsusda da Allahın sevdiyi bəndələrini özümüzə rəhbər etməliyik. Çünki onlar həyat sərmayəsini ibadətlə dəyərləndirmək xüsusunda elə bir könül ayıqlığı içindədirlər ki, onlara sabah öləcəkləri xəbər verilsə belə ibadətlərini artırmaq imkanları yoxdur. Buna baxmayaraq daim təvazö ilə özlərini nöqsanlı gərərək, hətta cəmiyyətdəki qəfləti belə nəfslərindən bilərək hesaba çəkərlər.

      Böyük Allah dostu Abdullah Dəhləvi həzrətlərinin bir məktubundan alınmış bu sətirlər necə də mənalıdır:

      “Cahan bağçasına gül əkməyə gəldik, amma əfsus ki, tikan yığdıq. Bizə səhhət, afiyət və rahatlıq verildi, lakin təəssüf ki, hamısının şükründə qüsur işlədik. Qurani-Kərim və Peyğəmbərimiz kimi iki böyük nemət bəxş edildi, lakin əfsus ki, onların şükründən qafil qaldıq. Allah qorusun, heyrət içindəyəm, sabah nə üzlə Allah və Rəsulunun hüzuruna çıxacağıq? Bu ləyaqətsizliklə çətin ki, şəfaət və məğfirətə nail olaq! Ancaq Allahın qəzəbini keçmiş olan rəhmətinə ümid edirik. Yoxsa heç bir bəhanəmiz və üzr istəyəcək üzümüz yoxdur!

      Ölüm başımızın üstündə pusquda, qiyamətsə çox yaxındır. Görəsən, işə yarayan nə qədər xeyirli əməl işlədik?! Saleh insanlar cənnətə girib əbədi nemətlərə və Haqqın camalına qovuşarlar. Bizim kimi qafillər isə hesab günündə bizi hesaba çəkdirəcək, yaxamızı buraxmayacaq şeylərlə məşğuluq.

      Bu gün halımızı yaxşı düşünək ki, sabah əlimizdə qalanlar həsrət və zərər olmasın. Haqqın qiymətli bəndələrinin etdikləri kimi səhər vaxtında qalxıb həsrət yaşları axıtmağı, bütün varlığımızla ibadət etməyi Allah təala nəsib etsin...”

      Rəbbimiz həyatımızı daimi bir qulluq vəcdiylə sonsuz bir Ramazan ruhaniyyəti içində yaşaya bilməyimizi, ilahi dostluq və yaxınlığa nail olaraq son nəfəsimizi əbədi bir bayram səhərinin sevinc və səadəti ilə verə bilməyimizi qismət etsin!

      Amin...

      • Hits: 865 clicks

      Tecox component by www.teglo.info