Rüfət Şirinov / ON İKİ AYLIQ RAMAZAN

      Share

      Uca Allah təvvab sifətinin gərəyi olaraq cox bağışlayan və tövbələri qəbul edəndir. Məhz buna görə də bəndələrinin tövbə etməsi və əff edilməsi üçün müəyyən vəsilələr yaradıb. Bunlardan biri də bizim ən yüksək səviyyədə qeyd etməyə çalışdığımız mübarək, müqəddəs və Quran ayı olan Ramazan ayıdır. Əlbəttə ki, onbir ayın sultanının qısa bir zaman üçün bizi ziyarət edib sonra da tərk etməsi hər kəsi kədərləndirmişdir. Fəqət Allahın müsəlmanlara bəxş etdiyi iki bayramdan biri olan Ramazan bayramındakı sevincimiz az da olsa sevgilidən ayrılma kədərimizi azaltmışdır. Yenə də həsrətlə o sultana qovuşma gününü gözləyirik.

      Ramazan ayı əxlaqi keyfiyyətlərin ən üst səviyyədə yaşandığı aydır. Bu ayda hər kəs oruc və digər ibadətləri ən yüksək səviyyədə yerinə yetirmək üçün bütün imkanları səfərbər edir. Hər kəsin həyatındakı arzulardan biri də həyatının hər anını gözəl və faydalı bir şəkildə yaşamaq, vətəninə, dininə, millətinə və s. faydalı şəxs olmaqdır. Bu da ancaq əxlaq insanı olmaqla mümkündür. Məsələn, gözəl əxlaq əsaslarından biri olan pis əməllərdən uzaqlaşmaq  namaz ibadəti ilə mümkündür. Uca Allah Quranda “Namaz pis əməllərdən çəkindirir” buyuraraq pisliklərdən uzaq qalmağın əsaslarından birinin namaz olduğunu ifadə edir. Deməli, biz namazımıza nə qədər diqqət edərsək o qədər pis əməllərdən uzaqlaşmış olarıq. Ramazan ayı da ibadətlərin ən çox edildiyi aydır. Əslində Allah bizə ildə bir dəfə xatırlatma mahiyyətində belə bir fürsət tanıyır. Yəni on iki aydan bir ayını oruc neməti ilə gözəlləşdirərək yuxarıda sadaladığımız xüsusiyyətləri ən yüksək səviyyədə yaşama imkanı tanıyır. Uca Yaradan bu ayda ibadətlərin savablarını qat-qat artıraraq bizi dini əmrlərə sövq edir, bu əməllərin sanıldığı qədər çətin olmadığını göstərir. Bütün müsəlmanlar da bunu fürsət bilərək ibadətlərdən maksimum səviyyədə faydalanmağa çalışırlar. Ancaq Uca Allahın bizdən tələb etdiyi həyat tərzi sadəcə Ramazan ayı ilə məhdud qalmamağımızdır. Bu ayda etdiyimiz ibadətləri həyatımızın hər anına yaymalıyıq...

       

      Ramazan ayında tutduğumuz oruc bizə səbirli olmağı öyrədir. Günahlara garşı səbir, ibadətlərdə səbir, nəfsimizə qarşı səbir... bu ayda göstərdiymiz səbri hər günümüzə, anımıza şamil etməyə səy göstərməliyik ki, bir məna kəsb etsin.

       

      İctimaiyyətdə tez-tez qarşılaşdığımız, ibadət etməyə əngəl olan bəhanələrdən biri vaxt və imkanların məhdud olmasıdır. Əgər biz Ramzan ayında sünnə olan təravih namazı üçün vaxt və imkan tapa bilmişiksə deməli, fərz olan digər namazlar üçün bu fürsəti əldə edə bilərik. Odur ki, namaz ibadətimizi sadəcə Ramazan ayına xas qılmaq dini cəhətdən xoş qarşılanmayan bir xüsusdur.

      Ramazan ayının bizə qazandırdığı əxlaqi keyfiyyətlərdən biri də yalan danışmamaq, başqalarını aldatmamaqdır. Əgər bunu Ramazan ayında edə bilmişiksə bu keyfiyyəti gündəlik həyatımıza da qazandırmalıyıq. Belə olduğu təqdirdə bu xüsus mənimsənmiş olar və həm özümüz, həm də ictimaiyyət fayda görər. Yalan dinimizin hər zaman pis gördüyü işlərdəndir.

      Bu ayda tərk etdiymiz pis xislətlərdən biri də qeybətdir. Quranın ifadəsinə görə “Ölü qardaşının ətini yemək”dən daha pis bir əməl olan qeybəti həyatımızın hər anından silib uzaqlaşdırmalıyıq.

       

      Yardımlaşma ayı olaraq da adlandırılan bu ayda bütün ehtiyac sahiblərinin ehtiyacları qarşılandı və fəqir-füqəra sevindirildi. Allah bizə infaq etməyi və sədəqə verməyi sadəcə Ramazan ayına məxsus olaraq əmr etmir, əksinə hər zaman bu yardımlaşmanı bizdən tələb edir. Bu ayda qazandığımız gözəl vərdişləri hər an yaşama bəxtiyarlığını əldə etmə fürsəti hər kəsin öz əlindədir.

      Ramazan ayına Quran ayı adı verilmişdir. Çünki Quran məhz bu ayda nazil olmuşdur. Quranı oxumaq və anlamaq Allahın biz bəndələrinə verdiyi vəzifələrdən biridir. Məhz buna görə də hər bir müsəlman bu müqəddəs kitabı daima cox oxumalı, anlamalı və həyatına tətbiq etməlidir.

      Xülasə olaraq bunu ifadə etmək yerinə düşərdi ki, sadəcə cümə müsəlmanı və ya  Ramazan müsəlmanı olmayaq. Dinimizi həyatımızın hər anına tətbiq edərək bir tərzinə çevirək. Ramazandan yeni çıxmışıq, hələ ki, gec deyil. Gəlin son yaşadığımız Ramazan bizim üçün bir başlanğıc olsun.  Bu müqəddəs ayda yaşadığımız gözəlliklər bütün həyatımızı gözəlləşdirsin.

      • Hits: 782 clicks

      Tecox component by www.teglo.info