Aqil ƏLİYEV / ÖZÜNÜZÜ VƏ AİLƏNİZİ ATƏŞDƏN QORUYUN!

    PDF faylını alÇapE-poçt

      Share

      Bütün səmavi dinlərin ortaq bir xüsusiyyəti var. Tövhid əqidəsini qorumaq və ideal bir cəmiyyət yetişdirmək. Tövhid bir olan Allahı (c.c) tanıyıb, yalnız Ona ibadət etmək, ideal cəmiyyət isə; elmli, çağdaş, mədəni, mənəviyyatlı, vicdanlı, vətənini və millətini sevən və bu dəyərlər uğrunda canını belə verməyə hazır olan bir cəmiyyətdir. Bu yuxarıda qeyd etdiyimiz dəyərləri isə insan kiçik yaşlarında, əvvəlcə öz ailəsində qazanır. Ailə böyük bir cəmiyyətin nüvəsi və çəyirdəyidir. Böyük toplumlar elə bu kiçik çəyirdəkdən meydana gəlməkdədir.

       Deməli, nüvəsi, mayası və çəyirdəyi sağlam olan bir toplum, daima sağlam, aktiv və dinamik olmaqla yanaşı müsbət xüsusiyyətləri də özündə cəm edəcəkdir. Bir toplumun formalaşmasında bir çox səbəbləri, məsələn; maarif, mədəniyyət, iqtisadiyyat, sənaye və idman kimi sahələri qeyd etmək olar. Ancaq biz burada daha çox dini-mənəvi dəyərlər üzərində durmağa çalışacağıq.

      Hər zaman və hər yerdə səslənən bir ifadə var. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin təminatı gənclərimizdir. Bəs necə bir gənclik yetişdirməliyik ki, gələcəyimizi onlara əmanət edə bilək?

         “Özünüzü və ailənizi atəşdən qoruyun” (ət-Təhrim; 6) ayəsi nazil olanda, səhabələr Rəsulullahdan (s.ə.s) soruşurlar; “Ya Rəsulallah, biz Allahın əmrlərini yerinə yetirib, qadağalarından da çəkinməklə özümüzü atəşdən qoruya bilərik. Amma ailəmizi və uşaqlarımızı necə qoruyaq?”.

      Rəsulullah (s.ə.s) belə cavab verir: “Allahın sizə əmr etdiklərini siz də onlara əmr edin, Allahın sizə qadağan etdiyini siz də onlara qadağan edin”. (Alusi;18-156)

      Özünü düzəldə bilməyən insan başqalarını necə doğru yola gətirib ona gözəl tərbiyə verə bilər? Ailəmizə və uşaqlarımıza hər-hansı bir şeyi əmr və ya qadağan etmək üçün əvvəlcə özümüz ona əməl etməliyik. Allahın əmr və qadağalarına əhəmiyyət verməyən bir ailə başçısına ailəsi necə itaət edib onun dediklərinə əhəmiyyət verəcək? Düşündürücüdür...

         Rəsulullah (s.ə.s) bir hədisində valideynlərin məsuliyyətinə diqqət çəkərək belə buyurmuşdur: “Hamınız çobansınız və hamınız güddüyünüzdən cavabdehsiniz... Kişi ailəsinin çobanıdır və sürüsündən (ailə və uşaqlarından) cavabdehdir. Qadın ərinin evinin çobanıdır və sürüsündən (evindən) cavabdehdir.” (Buxari, Vəsaya, 9)

         Bir çoban düşünün, o heç vaxt öz sürüsünü qurda-quşa yem etməz, arxada qalan, axsaq, topal heyvanlarını belə diqqətlə, səbirlə izləyər ki, başqalarına yem olmasın. Məhz valideynlər də öz övladlarını səbirlə, təmkinlə, hikmətlə, gözəl metodlarla tərbiyə etməlidir ki, sabah cəmiyyət arasına çıxanda kiminsə yeminə çevrilməsinlər.

      Çox təəccüblüdür, heç bir ata-ana kiçik vaxtlarında övladını oda-ocağa yaxınlaşmağa qoymur, hər an keşiyini çəkir, onun başına pərvanə kimi dolanır. Ancaq qız və ya oğlan övladı olsun, böyüyüb yetkinlik yaşına gəlincə, daha çox qorunmağa ehtiyacı varkən, kiçik vaxtlarında göstərdikləri diqqət və qayğını onlara göstərmirlər. Beləcə də o uşaq bəzən yad ünsürlər tərəfindən tərbiyə olunmağa başlayır və çox ciddi problemlər ortaya çıxır.

      Unutmayaq ki, ailəmiz və usaqlarımız bizim üçün imtahan vasitəsi və Allahın bir əmanətdir. Bu haqda Uca Allah bizə belə xəbər verir:

      “O mal və oğullar, dünya həyatının (müvəqqəti) bəzəyidir. Əbədi qalacaq saleh əməllər isə, Rəbbinin qatında mükafat baxımından və ümid bağlamaq üçün daha xeyirlidir.” (əl-Kəhf, 46)

      “Ey iman edənlər! Mallarınız və uşaqlarınız sizi Allahı anmaqdan, zikr etməkdən uzaqlaşdırmasın. Kim bunu edərsə ziyana uğrayanlardan olar.” (əl-Münafiqun, 9)

      • Hits: 893 clicks

      Tecox component by www.teglo.info