Münafiq bəzi səbəblərə görə İslama girib xarici görünüş olaraq müsəlman kimi görünən, daxilən isə imandan m’hrum, qəlbi küfr dəryasına qərq olmuş şəxsdir. Bu kəlmə təsadüfən seçilmiş bir kəlmədən ibarət deyil. Belə ki, ərəb dili mütəxəssisləri sözün kökündən törəyən “nafiqə” kəlməsinin “köstəbək dəliyinə verilən ad” olduğunu qeyd edirlər. Köstəbəyin yuvasının iki qapısı vardır. Köstəbək çıxmaq istədiyi zaman bu qapılardan birini qismən bağlı kimi tutmağa çalışar ki, ehtiyac anında başqaları hiss etmədən başıyla vurub rahatlıqla aça bilsin. Hər hansı təhlükəli bir vəziyyət yarandıqda bu qapıdan istifadə edərək qaçma fürsətinə malik olar. Qəlbində münafiqlik xəstəliyi daşıyanlar da məhz köstəbək kimi ehtiyatən bir çıxış qapısını hazır vəziyyətdə tutarlar və bu xüsusiyyət onların sanki peşələri kimi ön plana çıxır. Münafiq girdiyi qapıdan əlavə eynilə köstəbək kimi əks istiqamətdən bir çıxış yolu tapar və canının dərdindən dindən belə çıxmağa razı olar. Bir Quran ayəsi münafiqin vəziyyətini açıq şəkildə belə ifadə edir: “Əgər sığınacaq bir yer və ya mağara, yaxud bir deşik tapsalar, qaçaraq dərhal oraya girərdilər.” (Tövbə, 57)
Qurani-Kərimdə münafiqlər və onların xüsusiyyətlərindən bəhs edərkən məsələnin daima etiqadi (inanc) cəhətinə baxılmışdır. Qısacası, münafiq müsəlman cəmiyyəti içərisində can və mal təhlükəsizliyini təmin etmək, digər müsəlmanlar kimi bir çox haqq və hüquqa malik olmaq məqsədi güdən və müxtəlif yollarla cəmiyyəti daxildən yıxmaq üçün əsil məqsədini ustalıqla gizləyib qəlbən inanmadığı halda özlərini müsəlmanlara qarşı mömin kimi göstərənlərdir. Bu xüsusiyyət belə bir insanı əbədi əzaba düçar edər və belə kəslər axirətdə ən şiddətli əzaba məruz qalacaq insan qruplarıdır. “Həqiqətən münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Onları buradan qurtaracaq bir xilaskar tapa bilməzsən!” (Nisa, 145)
Səmimiyyətdən məhrum bir söz, əməl və ya inanc yox olmağa məhkumdur. İnancsız insanlar iman etməyərək öz mövqelərini “səmimiyyətlə” (?) bəlli edərlər. Ancaq münafiqlər üçün isə belə bir xüsusiyyətdən bəhs etmək mümkün deyildir. Allah cəmiyyətimizi bədniyyətli xarakterlərdən qorusun!..