İsmayil Vəliyev / Mükəmməlliyin Metodu: “H-Z-İ”

    PDF faylını alÇapE-poçt

      Share

      Hədəf seçib, seçdiyi hədəfə  çatmaq və uğurlu olmaq istəyən əksər insanların düşdüyü xətalardan biri də nəticə üçün tələsməkdir. İnsanlar bir hədəf seçib, həyatında nəyisə dəyişmək istəyərkən bunun qısa bir zaman içərisində olmasını gözləyirlər. Bu mümkünsüz olduğu üçün gözlədiyi vaxt müddətində bunun reallaşmamasına görə xəyal qırıqlığına düşür və bunu öz istedad və bacarıqsızlıqları ilə əlaqələndirirlər.

       Bu cür bir qərar verdikdən sonra isə artıq gələcək həyatında da  yeni hədəf seçərkən və qərarlar verərkən bu gəlmiş olduğu qənaətə görə davranırlar. Bu qənaəti referans alıb edə biləcəkləri ilə bağlı son bir limit təyin edən, istedadlarının tavan yüksəkliyini müəyyənləşdirən hər kəsin verdiyi o qərar şübhəsiz ki, yanlış olacaqdır.

      Əslində isə düzgün yanaşma bunun tam əksi olmalıdır. Dəyişmək və uğur qazanmaqla bağlı olan bu paradqmanı dəyişməliyik. İllərdir yaşadığımız həyat tərzi və olduğumuz insanı bir anda tamamilə dəyişmək mümkün deyil. Amma zamanla tam istədiyimiz nəticələrə çatmaq isə mümkündür.

      Bunun üçün HZİ metodundan istifadə etməliyik və uğur və dəyişməklə bağlı bu cür bir yanaşmamız olmalıdır.

      HZİ nədir? HZİ (H: hər gün,  Z: Zərrə, İ: İnkişaf).

      Nəyisə və ya nələrisə dəyişmək istədikdə HZİ daim ağlımızda olmalıdır və nəticələri də onunla ölçməliyik.

      Hər şey bir anda əla olmayacaq. Yeni nəticələr üçün bugünə kimi bizdə olmayan istedadlar və bacarıqları formalaşdırmalıyıq özümüzdə. Hazırkı biz ölməlidir ki, yeni və daha güclü olan biz dünyaya gəlsin. Hazırkı bizin formalaşması və indiki halda olması bir anda olmadığı kimi, onun dəyişimi də, bir anda olmayacaq, elə buna görə də həvəslə başladığımız yeni cəhdlərimizin yarımçıq qalmaması və arzuolunan məqsədə çata bilməyimiz üçün nəticə üçün tələsməməliyik, lakin təyin olunan zaman içərisində üzərimizə düşənin və əlimizdən gələnin ən yaxşısını etmək üçün tələsməliyik. Bizə düşən nəticə üçün narahatlıq yox, etməli olduqlarımız və edə biəcəklərimizi edib-etmədiyimizlə bağlı narahat olmalıyıq. Çünki Allah çalışanın əməyini zay etmir. Hər əkdiyimizi mütləq biçirik. Pis və ya yaxşı fərqi yoxdur.

      Böyük, çox dadlı və yeməyi çox istədiyiniz bir tortun tamamını bir anda yemək mümkün deyil, amma hamısını yemək mümkündür. Bunu necə edərsiniz? Əlbəttə, o tortu kiçik hissələrə bölərək rahatlıqla tamamını yemək mümkündür.

      Dəyişiklik də eynən bu cür olur, addım-addım, hər gün bir zərrə dəyişməklə. Zamanla davam edən və toplanan ZƏRRƏ dəyişikliklər sonda FIRTINA nəticələr olaraq həyatınızda özünü göstərəcək. Bu fırtına bu gün sizdə olmasını istəmədiyiniz, varlığından narahat olduğunuz vərdişlər, xüsusiyyətlər, insanlar və s. hər birini yuyub aparacaq, yox edəcək tamamilə və yerində isə yeni və möhtəşəm sürprizlər təqdim edəcək sizə.

      Tənbəllikdən, işləri sonraya saxlamaqdan qaçmaqla yanaşı, lazım olduğunda səbir edib gözləmək də tələsən təndirə düşər misalının nəticəsini realda yaşamamaq üçün uğur üçün olmazsa-olmaz şərtlərdəndir.

      Bu gün qərar verib, nələrisə edib sabah da əldə ediləcək qədər asan olsaydı hər kəs uğurlu olardı, istəyən hər kəs tez bir zamanda arzuladığı kimi bir həyat yaşayardı. Amma bu belə deyil. Bu, o uğurlara həqiqi mənada layiq olanlarla olmayanları ayırd edən bir imtahan kimidir. Və bu imtahanda yoxlanılan əsas olaraq bizim qətiyyətimiz, uzun zaman və istənilən tərzdə işləmək və əziyyət çəkməkdir. Uğur qazanmaqdan daha çətin olan bir şey var, o da qazandığı uğuru qoruyub saxlamaq və böyütmək, inkişaf etdirmək. Bunun üçün bizə lazım olanlar isə ilk uğuru qazanmaq üçün çalışarkən, mübarizə apararkən mənimsədiyimiz yeni xarakteristik özəlliklər, vərdişlər, çətinlik və problemlərə qarşı mübarizə aparmaq, problemləri həll edə bilmə qabiliyyətidir. Xarakterimizin möhkəmlənməsi və uğur haqqında olan paradiqmamızdakı dəyişikliklərdir.

      Yəni qısacası, özümüzdə, içərimizdə olan və olacaq dəyişikliklərdir. Biz özümüzü dəyişmədikcə, ətrafdakı dəyişiklilklərin o qədər də əhəmiyyəti olmayacaq. Düzdür, mühitimiz dəyişə bilər və bunun müsbət təsiri olacaq, amma içimizdə, real kimliyimizdə olanlar dəyişməyibsə bunun təsiri tam olmayacaq, ya da qısa bir müddət sonra keçmiş özümüzə qayıdacağıq.

      Burda HZİ ilə dəyişmək deyərkən başqa insan olmağı nəzərdə tutmuruq. Dəyişmək dedikdə məqsəd daha yaxşıya doğru HZİ etməkdir.

      Biz özümüzdə var olan istedadların, qabiliyyətlərin, gücümüzün əslində fərqindəyik, lakin fərqli səbəblərdən bunların üzərini ört-basdır etmişik və mənimsədiyimiz düşüncə tərzi və inanclar baxımından indi özümüzün də tam razı olmadığı  bir insan olmuşuq. HZİ ilə təklif olunan isə potensialımızın üzərini örtmüş və bizə əngəl olan bu toz basmış zəncirlərdən, gerçək bizlə aramıza hörülmüş bu divardan qurtulmaqdır. HZİ isə bu divarı bir anda, bir zərbə ilə dağıtmaq xülyasına qapılıb sonra  isə qırıq xəyalları itmiş inancla toplamaqdansa, hər gün o divarın bir daşını dağıtmaq, bir kərpicini sökməkdir.

      Hər Gün Zərrə-zərrə dəyişmək, İnkişaf etmək və bunlara qarşı da ayıq olmaq lazımdır. Əldə etdiyimiz kiçik, amma hədəflərimiz yönündə olan zərrə  nəticələrin fərqində olmaq, onlar üçün özümüzü təbrik və də şükür etmək lazımdır ki, əməyimizə xəyanət etmiş olmayaq. Bu həm də daxili motivasiya üçün ən əsas vasitələrdəndir. HZİ ilə mükəmməlik üçün bu gün edəcəyin dəyişikliyin doğum günü olsun. Ən kiçik addımı elə indi at. Uğurlar!!!

      • Hits: 802 clicks

      Tecox component by www.teglo.info