"İRFAN" Vaxtında Düşünülmüş, Təşkil Olunmuş Jurnaldir. / Hacı Arif HEYDƏROĞLU

      Share

      İrfan: Hörmətli Hacı Səlim Əfəndi! Nəşrinə təzəcə başlanmış "İrfan" jurnalının "Müsahibə" bölməsinə sizin gəlişiniz bu gün öz kökünə qayıdış yolunda qətiyyətlə addımlayan gənclərimizə, "İrfan"ın bütün

       oxucularına böyük sevinc bəxşişidir. Fürsətdən istifadə edərək, sizinlə daha dərindən tanış olmaq istəyən oxucularımızın bu istəyinə dərin hörmət və ehtiram göstərib söhbəti elə bundan başlamaq istərdim…

      Səlim Əfəndi: 1940-cı ildə Şəki şəhərində anadan olmuşam. Orta məktəbdən sonra bir çox yerlərdə işləmişəm. Ancaq mənim uşaqlıqdan dinə həvəsim var idi. Köhnə sovet rejimində dini öyrənmək o qədər də asan deyildi. Buna baxmayaraq insanlar öz dinlərini gizli şəkildə öyrənməyə çalışırdılar.

      Mən də çox ağır şəraitdə (işdən sonra) illərlə bu dinlə məşğul olmuş, o vaxtkı savadlı əfəndilərdən dərs almışam. Aldığım bu dini təhsillə insanlara köməyim dəysin deyə məscidlərdəki namazlarda iştirak etməklə birlikdə müxtəlif mərasimlərdə də xalqa  xidmət etməyə çalışmışam. Şəkidəki bu xidmətlərimdən razı qalan xalq mənim məsciddə imam olmağımı arzu etdilər. Hörmətli şeyximiz Hacı Allahşükür Paşazadənin əmri ilə 1980-ci ildə Şəki mərkəzi Cümə məscidinə imam təyin olundum. 1983-cü ildə  Şeyxülislam Allahşükür Paşazadə ilə Həcc ziyarətində oldum. 1985 -ci ildə dövlət tərəfindən İslam dinini təbliğ  etmək məqsədi ilə Türkiyəyə bir aylıq ezam olundum. 1986-ci ildə isə Şəki-Zaqatala bölgəsinə qazı təyin edildim. Hazırda həm Şəki-Qəbələ bölgə qazısı, həm də Şəki İslam Mədrəsəsinin müdiri kimi xidmət edirəm.

      İrfan: Bəs Şəki-Qəbələ bölgəsində nə kimi dini fəaliyyətlər gedir? Bu barədə qısaca olaraq məlumat verərdiniz…

      Səlim Əfəndi: Tarixən Şəki bu ərazidə dinin mərkəzi kimi tanınıb. İnsanlar sovet dövründə də dini təhsilə olan ehtiyaclarını şifahi olaraq bu şəhərdən alırdılar. Azərbaycan xalqı öz müstəqilliyini əldə etdikdən sonra Şəkidə həmin fəaliyyətə daha çox ehtiyac hiss edildi. Bu ehtiyacı ödəmək üçün rəhbərlik etdiyim məsciddə bölgə sakinlərindən dinə maraqlananlardan ibarət ilk kurs təşkil olundu. Vaxtilə bağlanmış bir çox məscidlər icazə alınaraq yenidən dindarların istifadəsinə verildi. Məscidi olmayan bir çox şəhər, rayon və kəndlərdə yeni məscidlər tikildi. Bizim ən böyük nailiyyətimiz Qafqaz Müsəlmanları İdarəsinin razılığı ilə 1993-cü ildə Şəki İslam Mədrəsəsinin fəaliyyətə başlamasıdır.

      İrfan: Dediyiniz kimi siz, eyni zamanda Şəki İslam Mədrəsəsinin müdiri vəzifəsini də icra edirsiniz. Bu böyük nailiyyətlər əldə etmiş mədrəsənin yaranması  haqqında nə deyərdiniz?

      Səlim Əfəndi: 1991-ci ildə bizim şəhərimizə Türkiyədən iki nəfər qonaq gəlmişdi. Onlar məni Türkiyəyə dəvət etdilər. 1992-ci ilin yanvar ayında Türkiyəyə qonaq getdim. Bizim şəhərə gələn professor Növzət bəy orada məni qarşıladı. Mənim ondan üç istəyim var idi. 1. Dini kitablar. 2. Din müəllimləri 3. Tələbələrimizin Türkiyədə təhsil alması. Məni dinlədikdən sonra kitab işini öz öhdəsinə götürdü. Digərləri üçün məni başqa birinə həvalə etdi və xüsusi maşını ilə onun yanına göndərdi. İlk görüşdə bütün vücudumla vurulduğuma şahid olduğum o gözəl insan Osman Nuri Topbaş əfəndi idi.

      Tanış olduqdan sonra ona "Qonşusu ac ikən özü tox yatan Bizdən deyildir."  Hədisi-Şərifini xatırladıb "Biz də dini cəhətdən acıq..." deyərək istəklərimi ərz etdim. Əziz Mahmud Hüdayi vəqfinə ikindi namazını qılmaq üçün getmişdik. Namazdan sonra təxminən 10-11 yaşında bir uşaq gözəl səslə Quran oxudu. Bu mənzərə qarşısında ağladım. Osman əfəndi nə üçün ağladığımı soruşduqda ona: "Bu boyda uşağın belə Quran oxuması məni çox təsirləndirdi"-deyəndə Osman Əfəndi onun həm də hafiz olduğunu bildirdi. Elə riqqətə gəldim ki, əllərimi göyə açaraq belə dua etdim: "Ya Rəbb! Sən bunu bizə də qismət eylə!…" Üz tutduğum insanlar çox səmimi olduğu halda, yenə də istəyimə çatacağıma inana bilmirdim. Çünki 70 ilin mənfi təsiri ümid çırağımı söndürmüşdü.

      Mən Azərbaycana qayıdandan 15 gün sonra Osman əfəndi 6 nəfərlik bir nümayəndə heyəti ilə Şəkiyə gəldi. Elə o gündən bünövrəsi qoyulan bu xidmət, Allaha şükürlər olsun ki, gündən-günə inkişaf edir və genişlənir. Bu gün fəxr edərək deyə bilərəm ki, o səmimi addımların bəhrəsi olaraq Azərbaycanın ilk hafizləri bizim mədrəsəmizdə yetişdi. Bu gün bizim 116 hafizimiz var. Bununla da istəklərimə nail oldum və o zaman bir xəyal olan istəyim gerçəkləşdi.

      İrfan: Bu mədrəsə Azərbaycanda tanınır, bütün rayonlardan buraya tələbələr qəbul olunur. Hətta əlli-altmış nəfər götürüləcəyi halda yüzlərlə uşaq  müraciət edir. Bu məşhur İslam mədrəsəsinin fəaliyyəti haqqında danışardınız.

      Səlim Əfəndi: Az əvvəl qeyd etdiyim kimi, bizi ən çox fərəhləndirən hal Şəki İslam Mədrəsəsinin açılmasıdır. Düzdür, bu mədrəsəni nəinki Azərbaycan, hətta bir çox qardaş, dost və qonşu ölkələr də tanıyır. Həmin ölkələrdən (Gürcüstan, Dağıstan və s.) də tələbələrimiz olub . Bizim mədrəsədə yetişmiş hafizlər bir sıra dünya ölkələrinin təşkil etdiyi Quran müsabiqələrində çox böyük nailiyyətlər qazanmış, mədrəsənin,  həm də Respublikamızın şöhrətini dünyanın   çox yerlərində yüksəklərə qaldırmışlar. Məsələn, Qazaxıstanda Türk dilli ölkələr arasında keçirilən Quran müsabiqəsində bir, iki və üçüncü yerləri tutmuş tələbələrimizin mükafatını 1998-ci ildə Qafqaz Müsəlmalarının X qurultayı "Müasirlik və dini-mənəvi dəyərlər" beynəlxalq konfransında ümummilli liderimiz mərhum prezident Heydər Əliyev cənabları şəxsən özü təqdim etmişdir.

      İrfan: Bu böyük uğurunuzu nə ilə izah edərdiniz?

      Səlim Əfəndi: Biz bu böyük uğurları Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" qanunu və digər normativ aktları, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin razılığı, Gəncliyə Yardım Fondunun maddi və mənəvi köməyi ilə əldə etdik.

      İrfan: Məlum oldu ki, burada uşaqlar hərtərəfli yetişirlər. Bəs vətənpərvərlik, yəni milli duyğular da aşılanırmı? Uşaqlarda milli şüurun yaranması barədə nə kimi tədbirlər həyata keçirilir? Məsələn, 20 yanvar, ermənilər tərəfindən işğal olunmuş ərazilər və s. barədə hansı tədbirlər keçirilir?

      Səlim Əfəndi: Çox gözəl dediniz. Məncə elm sahibi olub vətənpərvər olmayan adamın öz xalqına xeyri dəyməz. Burada gözəl şairimiz Abbas Səhhətin iki misrası yadıma düşdü:

      "Vətəni sevməyən insan olmaz,

      Olsa da ol şəxsdə vicdan olmaz."

      Vətən bir millətin, üzərində yaşadığı, boya-başa çatdığı, hər cür maddi-mənəvi nemətlərə nail olduğu və “anam” deyərək sarıldığı torpaq olduğuna görə onun uğrunda çarpışmağa, döyüşməyə və yeri gələndə qan töküb şəhid olmağa hazır olmalıyıq. Çünki vətən bizə Allahın bəxş etdiyi ən qiymətli nemət, ən dəyərli əmanətdir. Onu qorumasaq, "bizimdir" deyib uğrunda ölməsək əmanətə xəyanət etmiş olarıq. Ona görə də bu cənnət vətəni qorumaq bizim Allah qarşısındakı ən müqəddəs borcumuzdur. Bu duyğuları, bu ülvi hissləri ilk öncə özümüzə, sonra da gələcək nəsillərə aşılamalıyıq.

      Gənc nəsli vətənpərvər, millətinə və dövlətinə bağlı şüurlu bir vətəndaş kimi yetişdirmək bizim vətən qarşısındakı mühüm borcumuzdur. Nahaq yerə anamızı "vətən", vətənimizi "ana" adlandırmırıq. Elə buna görədir ki, bizim burada tərbiyə alan uşaqlarımız həqiqi mənada vətəni qorumağa qabiliyyəti çatan uşaqlardır.

      İrfan: Mən bu mədrəsənin ümumən Azərbaycan xalqına, xüsusən də gəncliyə necə köməyi dəydiyini yaxşı başa düşdüm, bəs bu təhsil ocaqlarında oxuyan gənclərə baxanda müstəqil ölkəmizin gələcəyini necə görürsünüz?

      Səlim Əfəndi: Qeyd edim ki, bizim əsl məqsədimiz Azərbaycanın Gələcəyi olan gənclərimizin qayğısına qalmaqdır. Bizim bu məqsədimizə nail olmağa hər cür köməklik göstərən Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyini də təqdir etməliyik. Mən ümid edirəm ki, bu həmkarlığımız nəticəsində yetişən gənclər sayəsində müstəqil ölkəmizin gələcəyi bundan da yaxşı olacaq, işğal altında olan torpaqlarımızı da, inşallah, azad edəcəyik. Bu istək, bu arzu islam əxlaqını mənimsəmiş bütün gənclərimizin əsl arzusu olmalıdır.

      İrfan: İnşallah, Əfəndi! Indi isə bir ağsaqqal kimi 2005-ci ildə işıq üzü görən "İrfan" úurnalı  haqqında  münasibətinizi, təklif və tövsiyələrinizi bilmək istərdik.

      Səlim Əfəndi: Bir oxucu kimi jurnalı oxudum və çox xoşuma gəldi. Həqiqətən çox gözəl mövzulara toxunulmuş və gözəl izahlar verilmişdir. Düzdür, bəzi texniki çatışmazlıqlar yox deyil. Ancaq hər şeyin bir başlanğıcı var. Yəqin ki, gələcək saylar bundan daha gözəl olacaqdır. Mən belə hesab edirəm ki, “Irfan”, vaxtında düşünülmüş, təşkil olunmuş bir jurnaldır. Mən mütaliəni sevən adamam. Mümkün qədər nəşr olunan qəzet və jurnallarla maraqlanıb oxuyuram.

      Ancaq "İrfan" jurnalı məni həddən artıq sevindirdi. Çünki burada xalqı daha çox düşündürən sahələrə toxunulmuş və zənnimcə daha cox xalqın nəbzini tutmağa səy göstərilmişdir. Mənim fikrimə görə elmi dəyərlər, İslam əxlaqı və islam dəyərləri ilə qarşılaşdıqda cox gözəl nəticələr verir. Elə buna görədir ki, "İrfan" jurnalı oxucuları özünə daha cox cəlb edəcək. Uzun illərdən bəri xalqın nəbzini tutmağı bacara biləcək bir jurnalın işıq üzü görəcəyini arzulayırdım və ümidvaram ki, "İrfan" jurnalı bu jurnallardan olacaq. Ona görə də bir dindar kimi, elmi sevən bir mütaliəçi kimi bu jurnala uzun ömür arzulayır, daha böyük nəaliyyətlər əldə etməsini qadir Allahdan təmənna edirəm. Bunun ərsəyə gəlməsində köməyi olanların hər birindən Allah razı olsun.

      İrfan: Qiymətli vaxtınızı bizə sərf etdiyiniz üçün minnətdarlığımızı bildirir, bundan sonrakı fəaliyyətinizdə sizə yeni-yeni uğurlar arzulayırıq.

      Səlim Əfəndi: Allah razı olsun!

       

      • Hits: 1056 clicks

      Tecox component by www.teglo.info