Allah Yolunda İnsanlara Kömək / Fuad QULİYEV

      Share

      Xeyriyyə işləri ilə məşğul olmaq tarix boyunca millətimizin ən gözəl adətlərindən biri olmuşdur. Tariximizdə unudulmaz izlər buraxan H.Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Nabat xanım

       Aşurbəyli-Rzayeva kimi xeyirxah insanlar bunun ən gözəl nümunələrindəndir. Məhz belə insanlar sayəsində bir çox elm-təhsil, səhiyyə ocaqları açılmış, məscidlər və karvansaraylar inşa edilmişdir. Bu gün belə xeyrixah insanlara daha çox  ehtiyac hiss edilməkdədir. Ehtiyac   içində olan, maddi cəhətdən imkansız insanlara köməklik göstərmək həm bir insanlıq borcu, həm də dini baxımdan savab olan bir işdir. Elm ocağı açaraq insanların elmə yiyələnmələrinə, bir səhiyyə ocağı inşa edərək maddi imkanı olmadığı halda xəstəlikdən əziyyət çəkən insanların şəfa tapmalarına səbəb olmaq, qarnıac bir insanı doyurub, sonra da onun sevinc əhvali -ruhiyyəsinə şahid olmaq nə qədər gözəl bir hadisədir!

      Dinimizdə bir işi Allahın rizası üçün əvəzsiz olaraq görmək, sahib olduğu mal-dövlətini Allah yolunda xərcləmək, həyatını davam etdirə bilməsi üçün başqalarına möhtac olan kimsələrin əlindən tutaraq onların imdadına   çatmaq misilsiz bir əməl olaraq qəbul edilmişdir. Əlbəttə ki, insanlar Allah Təala qarşısında haqq və hürriyyətləri, məsuliyyətləri nöqteyi nəzərindən bərabər səviyyədədirlər. Ancaq maddi imkan baxımından isə fərqli dərəcələrə malikdirlər. Çünki "Allah  ruzi baxımından birinizi digərinizdən üstün etmişdir" (ən-Nəhl, 16/71) ayəsi bu həqiqəti vurğulayır. Maddi imkan  baxımından insanlar arasındakı bu fərqlilik istər-istəməz özü ilə bərabər bəzi haqq və məsuliyyətləri gətirir.

      O zaman kasıbların, imkansızların, mal-dövlətə və maddi zənginliyə sahib insanların mallarında haqları və eyni zamanda zənginlərin də kasıblara qarşı vəzifə və borcları ortaya çıxır ki, bu vəzifə və borcu yerinə yetirmədikləri zaman birbaşa məsuliyyət daşıyırlar. Allah Təala Qurani-Kərimdə "Zənginlərin mallarnda, dilənən və məhrum olanlar üçün müəyyən bir haqq vardır" (əl-Məaric, 70/24) buyuraraq bunu bizlərə ən gözəl bir şəkildə çatdırır. Zəngin insan sahib olduğu malın bir hissəsini kasıblara xərcləyərək onların ehtiyaclarını təmin etməklə bərabər öz malını da bir mənada təmizləmiş olur. Çünki "zəkat"(1) sözünün mənası və mahiyyəti məhz "təmizləmək"dən ibarətdir.

      Zəngin insan qorxmamalıdır ki, malını başqalarına xərcləməklə malı azalacaq vəya tükənəcək, tam əksinə səmimi qəlbdən verilən malın müqabilində sahib olduğu zənginlik daha da artacaq, ən vacibi isə Allaha qarşı bu borcu yerinə yetirdiyinə görə savab və mükafat qazanacaqdır. Çünki Allah Təala özü bunu vəd edir: "Mallarını gece və gündüz, gizli və aşkar (yoxsullara) xərcləyənlər ki var, onların Rəbbləri yanında böyük mükafatları vardır. Və onlara hər hansı bir qorxu yoxdur. Onlar heç bir zaman qəm-qüssə görməyəcəklər." (əl-Bəqərə, 2/274) Odur ki, İslamda zəkat müəssisəsi xeyriyyə işlərinin həyata keçirilə bilməsi və vəd edilən bu mükafatın əldə edilə bilməsi üçün ideal bir qurumdur.

      İnsan yaradılış etibarı ilə dünyaya meyillidir. Dünya malı isə nəfsi özünə cəzb edir. Ona aldananlar doymaq bilməzlər.(2) Allah Rəsulu (s.ə.s) bu həqiqiəti belə buyurur: "Adəm oğlunun iki vadi dolusu malı olsa, üçüncüsünü istəyər. Onun qarnını ancaq torpaq doyurar." (Buxari, Riqaq, 10) Beləliklə mal yığıldıqca insanın mala qarşı hərisliyi artar. Gözünü maddə və mal sevgisi bürümüş olan insanda, mərhəmət və şəfqət hissi azalar. Bu vəziyyətdə malını xeyir işlərə xərcləmək ona çox çətin gələr. Öz nəfsi ona "hələ xərcləmə, daha da zənginləş, irəlidə daha çox xərcləyərsən!"-deyərək insanın həm bu dünyada xeyirxahlıq edərək savab qazanmasına əngəl olur, həm də o biri dünyasını itirməsinə və nəticədə nəfsinin və malının ucbatından cəhənnəm atəşinə düşməsinə səbəb olur. İnsan çalışaraq sərvət yığa bilər.

      Amma özünə hədəf olaraq seçdiyi bu sərvət zənginliyi onun əbədi səadəti qazanması üçün vasitə ola biləcəyi kimi, eyni zamanda da tamamilə əks istiqamətdə bir nəticə əldə etməsinə də səbəb ola bilər. Demək ki, zənginliyin haqqını verə bilmək üçün yalnız maddi zənginlik kifayət etməyib buna paralel olaraq nəfsin insana pıçıldamalarının qarşısını kəsmək üçün də mənəviyyat və könül zənginliyinin olması zərurəti ortaya çıxır.

      Yəni, maddi zənginliklə iman və sevgi ilə dolu könül zənginliyi arasında bir rabitə olmalıdır ki, biri digərinə dəstək olsun. Könül zənginliyindən məhrum qalan bir insan, sahib olduğu malını və mülkünü xeyir işlərinə sərf edərkən bir çox çətinliklərlə üzləşir. Mal-mülk sevdası qəlbinə yerləşincə artıq o zənginliyi bir fayda verməz. Çünki imansız və sevgisiz bir qəlbin xeyir işləri görə bilməsi çox çətindir. Bu mərhələdə istər-istəməz xəsislik başlayır. Bu mənfi xüsusiyyət nəfsin arzu və istəklərinin nəticəsi kimi Allaha və insanlara qarşı qəlbində sevgi və mərhəmətin olmadığı "boş qəlblər"də özünü göstərir.

      Boş bir qəlbə isə nəfs hökm edir. ".....şeytan sizi yoxsulluqla qorxudaraq xəsisliyə sövq edər" (əl-Bəqərə, 2/268) ayəsi məhz bunu ifadə edir. Xəsislik xəstəliyindən xilas olmanın yeganə yolu isə Allaha və onun yaratdıqlarına  sevgi, məhəbbət hisslərini oyandırmaqdır. Oyanmış bu hisslər sayəsində insan xəsisliyin pəncəsindən yaxasını qurtararaq ən azı bir yetimin başını sığallayacaq, ac bir insanın qarnını doyduracaq, imdad üçün ona uzadılan əli geri itələməyəcəkdir. Və o zaman mal dövlət, sahibinin Allah nəzdində qiymətli, şərəfli bir məqama yüksəlməsinə səbəb olacaqdır.

       

       

      1. Lüğətdə təmizlik, çoxalma, artma kimi mənalara gələn "zəkat" sözü, İslam Hüququ termini olaraq "müəyyən mal növlərinin bir hissəsini Allahın təyin etdiyi bəzi müsəlmanlara mülk olaraq verməkdir".
      2. Osman Nuri Topbaş, Vakf-Infak-Hizmet, səh.72

       

      • Hits: 980 clicks

      Tecox component by www.teglo.info