Elşən RZAYEV / İMANIN ƏMƏLDƏKİ TƏZAHÜRÜ

    PDF faylını alÇapE-poçt

      Share

      İman lüğət mənası baxımından bir kimsənin sözünü təsdiq etmək, qəbul etmək, həmin sözə etimad etmək, onu ürəkdən mənimsəmək, inanmaq mənalarına gəlir. Mömin isə sözünə etimad edilən, insana etibar təlqin edən dürüst insan deməkdir. Yəni mömin Allah-Təalanın əmrlərini yerinə yetirən, Onun buyuruqlarını qəbul edən və onları öz həyatında əmələ çevirərək yaşamağa çalışan insandır. İman ürəkdə məhkum olan bir əqidə, dilə gətirilən quru bir iddia deyil. İman həyatın mərkəzinə axirəti qoymaqdır.   

      İmanı qüvvətləndirən isə əlbəttə ki, saleh əməllərdir. Bu baxımdan deyə bilərik ki, əməl imanın meyvəsidir. Həmçinin saleh əməl insan üçün iki böyük düşmən olan şeytan və nəfsin iqtidarını yıxaraq, yalnız Allaha qul olmağın ifadəsidir.

      Müsəlmanın həyatı vəhyə görə formalaşmalıdır. “Xaliq”, “Rəbb” və “Rəzzaq” əsmasının təcəllisi olaraq Uca Yaradan bütün canlılar üçün ruzi xəlq etmiş, sonsuz nemətlərini yaradılan bütün canlıların istifadəsinə vermişdir.

      İnsanın bu dünyada yaşayışını davam etdirməsi üçün ev, ev əşyası, yemə-içmə, paltar kimi bəzi təbii eytiyacları var. İnsan gündəlik həyatdakı bu ehtiyaclarını qarşılamaq üçün əlbəttə ki, işləməli və qazanc əldə etməlidir. Bu ehtiyacları təmin etmək üçün isə müxtəlif yollar var. Həmin yollardan biri də ticarətdir.

      Ticarətlə məşğul olmaq tənbəlliyə qarşı bir inqilabdır. Həzrət Ömər (r.a) aşağıdakı sözləri ilə halal yoldan qazanc əldə etməyi necə gözəl ifadə edir: “Heç kimsə yerində oturub “Allahım, mənə ruzi ver” deməsin. Bilin ki, Allah-Təala göydən qızıl və gümüş yağdırmaz.”

      Uca Yaradanın insan övladı üçün seçdiyi son din olan İslam ticarəti halal qazanc yollarından biri olaraq qəbul etmişdir. Ticarət tarixi bəşəriyyətin tarixi qədər qədimdir. İlk insan və ilk peyğəmbər olan Hz. Adəmin (ə.s) o dövrün şərtlərinə görə çalışaraq ruzi əldə etdiyi rəvayət edilir.

      İbrahim (ə.s) parça ticarəti, Nur (ə.s) və Zəkəriyyə (ə.s) dülgərlik, Əyyub (ə.s) əkinçilik peşəsi ilə məşğul olmuşlar. Həmçinin Hz. Davudun (ə.s) zireh düzəltdiyi və bunları sataraq dolanışığını təmin etdiyi rəvayət olunur. 

      Rəsulullah (s.ə.s) hədisi-şərifdə belə buyurur:

      “Heç bir kimsə əlinin əməyini yeməkdən daha xeyirli ruzini əsla yeməmişdir.” (Buxari)

      Digər bir hədisi-şərifdə də: “Sizdən birinizin ipini götürüb arxasında dağdan bir bağlama odun gətirib satması, bir kimsəyə əl açmasından daha xeyirlidir. Kim bilir o şəxs də ya verər, ya da verməz.” (Buxari, Büyu, 2074)

       İnancımıza görə bir kimsənin öz zəhməti ilə və alın təriylə qazandığı qazanc ən xeyirli və bərəkətli qazancdır.

      Həmçinin İslamın şanlı Peyğəmbəri olan Hz. Məhəmməd (s.ə.s) də ticarətlə məşğul olmuş, həyatın hər sahəsində olduğu kimi ticarətdə də doğruluğu, sədaqəti və etibarlılığı ilə ümmətinə ən gözəl nümunə olmuşdur.

      İnsan layiq olmadığı qazancla cibini və büdcəsini doldurmaq üçün digərlərini ziyana saldığı və əldə etdiyi fani mənfəətlərdən zövq aldığı təqdirdə zahirən müsəlman görünsə də, əslində zehniyyət olaraq və əməli baxımdan kapitalistdir. Çünki müsəlmanın inanc sistemində “Başqasına mərhəmət etməyənə Allah mərhəmət etməz!” düsturu vardır. Bizim inancımızda başqalarını istismar etmək üçün istifadə edilən yolların qarşısı qətiyyətlə kəsilmişdir.

      Hz. Ömərin oğlu Abdullah belə deyir: “Bir müsəlman olaraq beliniz bükülüncəyə qədər namaz qılsanız, tük kimi nazilənə qədər oruc tutsanız, haram qazancdan uzaqlaşmadıqca bu ibadətləriniz qəbul olmaz və ibadətlərinizin sizə faydası toxunmaz.”

      İmanlı kimsənin həyatında alış-verişdə malın vəziyyətini olduğu kimi söyləmək, əgər varsa, qüsurları gizlətməmək və ya yalan danışmamaq əsas qaydadır. Müsəlman ticarət həyatında müştərinin məlumatsızlığından istifadə edərək onu aldatmaz. Müsəlman tacir işçisinin haqqını və zəhmətinin qarşılığını hesab edərkən, müştəriyə mal satarkən doğruluq və dürüstlükdən əsla ayrılmaz. Çünki dürüst olmaq imanla birbaşa əlaqəlidir. Peyğəmbərimiz “Allaha inandım de və doğru ol” (Müslim, İman, 13) buyurur. Çünki düzgünlük insanı cənnətə qovuşdurur.

      • Hits: 1274 clicks

      Tecox component by www.teglo.info