İbrahim Erol / İMAM ƏZƏM VƏ TİCARƏT ƏXLAQI

    PDF faylını alÇapE-poçt

      Share

       

      İmam Əzəm Əbu Hənifə (rəh.a) ticarətlə məşğul olaraq dolanışığını təmin edirdi. Onun dürüstlüyü, comərdliyi, əmanətə riayəti və təqvası ticari həyatında da daim özünü göstərmişdir. İnsanlar onu ticarətdə Hz. Əbu Bəkrə (r.a) bənzədərdilər. Çünkü o, bir malı satın alarkən, satdığı zamanki kimi əmanət qaydasına diqqət edər, möhtac satıcını istismar etməzdi.

      Hafs b. Əbdürrəhmanla ortaqlıq edər, illik qazancının dörd min dirhəmdən çoxunu kasıblara paylayar, alimlərin, muhəddislərin və tələbələrinin bütün maddi ehtiyaclarını qarşılayar və təvazö ilə belə deyərdi: “Bunları ehtiyacınız olan yerdə istifadə edin və Allaha şükür edin. Çünki bunlar gerçək mənada mənim deyil, sizin nəsibiniz olaraq Allah-Təalanın ehsan və kərəmindən mənim vasitəçiliyimlə sizə göndərdikləridir.

      Beləcə elm əhlini başqalarının minnəti altında qoymaz, diqqətlərini yalnızca elmə vermələrini təmin edərdi. Öz evinə də bol-bol xərcləyər, bir o qədər də yoxsullara sədəqə verərdi. Zənginlərə də hədiyyələr verərdi. Hər cümə günü savabını ata və anasına bağışlamaqla iyirmi qızıl paylayardı. Müştərisi kasıb olsa, malı öz qiymətə verər və ya hədiyyə edərdi.

      Bu, onun halal ruzi qazanmasını təmin etdiyi kimi, ticari qazancını və tələbələrinin ehtiyaclarının qarşılanmasını, müstəqil bir elm məclisi qurmasını da təmin etdi. Əbu Yusifin pulunun bitdiyini söyləməsinə ehtiyac buraxmadan o, Əbu Yusifi çağırıb kömək edərdi. Həmçinin evlənmə çağına gəlib maddi imkanı olmayan tələbələrinin də evlənməsini təmin edərdi.

      Bir dəfə bir qadın satmaq üzrə ona bir ipək paltar gətirmişdi. O, qiymətini soruşdu. Qadın yüz dirhəm istədi. Əbu Hənifə malın dəyərinin yüz dirhəmdən çox etdiyini söylədi. Qadın hər dəfə yüz dirhəm artıraraq nəhayət dörd yüzə çıxdığında Əbu Hənifə malın dəyərinin bundan daha çox edəcəyini söylədi. Qadın: “Məni ələ salırsan?” –dedikdə isə, o: “Əsla, bir nəfər gətirin mala qiymət qoysun”-dedi. Ticarətlə məşğul olan bir nəfər çağırdılar və o şəxs mala qiymət qoydu. Əbu Hənifə həmin malı beş yüz dirhəmə satın aldı. Bu hadisə o zamandan bəri xalq arasında danışılaraq günümüzə qədər ticarətdə dürüstlüyə dair bir zərbi-məsəl halına gəlmişdir.

      İmam Əzəm bir gün yolda gedərkən onu görən bir nəfər üzünü ondan gizlədərək yolunu dəyişdi. O, dərhal həmin adamı yanına çağırıb: “Niyə yolunu dəyişdirdin?” –dedi. Həmin şəxs: “Sizə on min dirhəm borcum var. Uzun zamandır ki, ödəyə bilmədim və çox utandım”, -dedi. İmam Əzəm: “Subhanallah, mən o pulu sənə hədiyyə etmişdim. Məni görüb sıxıldığın və utandığın üçün haqqını halal et!” -dedi.

      Rəvayət edildiyinə görə İmam Əzəm Əbu Hənifə (rəh. a) ortağı Hafs bin Əbdürrəhmanı bir dəfə parça satmağa göndərərkən ona malda qüsur olduğunu bildirmiş və malı satanda bu qüsuru müştəriyə izah etməsini tapşırmışdı. Hafs bin Əbdürrəhman parçanı satmış, lakin müştəriyə malın qüsurlu olduğunu söyləməyi unutmuşdu. Həmçinin malı kimə satdığını da bilmirdi. Əbu Hənifə (rh. a) bunu öyrəndikdə həmin ticarətdən əldə edilən gəlirin hamısını sədəqə olaraq paylamışdır.

      Əbu Hənifə (rh.a) bir tacir olaraq aşağıdakı dörd xislətə sahib idi ki, bunlar ictimai münasibətlərlə əlaqəlidir. Onu elm adamları arasında olduğu kimi, tacirlər arasında da üstün mərtəbəyə çıxaran bu xislətlər aşağıdakılardır:

      Onun gözü tox və könlü zəngin idi. Könül və ruhları kasıb edən acgözlük onu əsla zəbt edə bilməmişdi. Müsəlman bir tacirin əsl zənginliyi könül zənginliyidir. Çünki Peyğəmbərimiz (s.ə.s): “Zənginlik mal çoxluğu deyildir. Əsl zənginlik könül zənginliyidir.” -buyurmuşdur.

      Əmanətə son dərəcədə riayət edər və özüylə əlaqədar olan hər işdə nəfsinə hakim olardı. Əmanətə sadiq olmaq həqiqi bir müsəlmanın sifətlərindən biridir. Çünki Peyğəmbərimiz müxtəlif hədislərində əmanətə xəyanət etmənin münfıqliyin bir əlaməti olduğunu söyləmişdir.

      O, davamlı surətdə xoş xasyyət və comərd olmağa çalışmışdır. Müsəlmanın düşüncəsində insanın özünə qalan əslində qazandığı deyil, infak etdiyidir. Çünki infak malı təmizləyər, insanın başına gələcək qəzalara və bəlalara da sanki bir qalxan olar. Həmçinin infak etmək ömrü bərəkətləndirər. Mömin olan hər kəs aylıq və ya illik qazancından mütləq infak etməlidir. 

      Son dərəcə dindar olub yaxşı rəftarı ibadət sayardı. Ayrıca o, çox vaxt oruc tutar və gecələrini ibadətlə keçirər, yaxşı rəftarın da bir ibadət olduğunu söyləyərdi. İnsanlarla yaxşı rəftar etmək şübhəsiz ki, gözəl əxlaqın bir nəticəsidir. Peyğəmbərimizin hədislərinə görə isə qiyamət günündə ilahi tərəziyə qoyulacaq ən ağır şey gözəl əxlaq olacaq. Müsəlman bir tacir gözəl əxlaqıyla mütləq surətdə digərlərindən fərqli olmalıdır.

      Bu gün əhalisinin sayına görə müsəlmanlar yaşayan ən böyük ölkə olan İndoneziya müsəlman tacirlərin keçmişdə oraya getməsi və oralarda müsəlman şəxsiyyəti ilə ticarət etmələri, sevilmələri və İslamı digərlərinə sevdirmələri sayəsində islamla şərəflənmişdir.

       

       

        

       

       

       

      • Hits: 1238 clicks

      Tecox component by www.teglo.info