155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Rüfət Şirinov / “ÜÇ AY”LIQ ÖMÜR

    PDF faylını alÇapE-poçt

      Share

       

      Zənginləşmək üçün demək olar ki, bütün vasitələrdən istifadə edildiyi və hər şeyin mübah qəbul edildiyi günümüzdə insanların mənəvi zənginliyi əldə etmək üçün kifayət qədər səy göstərdiklərini söyləmək çox çətindir. Dini ayinlər barəsindəki məsnədsiz və lüzumsuz mübahisələrin də insanımızı bəzi dəyərlərdən uzaqlaşdırdığını təəssüf hissi ilə müşahidə edirik. Bu mübahisələrə toxunmaq istəmirik. Sadəcə olaraq şanına və dəyərinə layiqli şəkildə dəyər verilməyən və ehya edilməyən üç aylara diqqət çəkmək istəyirik bu yazımızda.

      İslam dini mənəvi iqlimdən uzaqlaşmamaq və adiləşən həyatımıza mənəvi canlılıq və hüzur qatmaq üçün bəzi ay, həftə və günlərə özəl dəyər vermişdir. Bunlar bayram günləri və gecələri, Cümə gecələri, üç aylardakı (Rəcəb, Şaban və Ramazan ayları) bəzi gecələrdir. Tarix boyunca İslam mədəniyyətində bu aylara çox əhəmiyyət verilmiş və mənəvi iqlimdən qopmamaq üçün ibadətlər edilmiş, oruclar tutulmuş, qohum-əqrəba ziyarət edilmiş və İslam qardaşlığı ən zirvə nöqtədə yaşanmışdır. Bu aylar bağışlanma vəsiləsi kimə qəbul edilmişdir. Həzrət Peyğəmbərin “Hər bir Adəm oğlu xəta edəndir. Xəta edənlərin ən xeyirlisi tövbə edəndir” hədisi daha çox bu aylarada öz əksini tapmışdır.

      Bu ayları fürsət bilərək hər bir müsəlman nəfs müsahibəsi etməlidir. Həzrət Ömərin “Hesaba çəkilmədən özünüzü hesaba çəkin” tövsiyəsinə qulaq asaq bu aylarda. Bu aylaradakı mübarək gecələrin hər biri bizim üçün fürsətdir. Bu dünyadakı fürsətləri dəyərləndirməyən əlbət, bir gün peşmançılıqla üzləşəcəkdir. Odur ki, günlərimizi oruc və ibatlərlə ehya edək. Ramazan ayına mənəvi hazırlıq görək. Rəcəb ayı toxum səpmə ayıdır. Şaban ayı sulama ayıdır. Ramazan ayı isə məhsul toplama ayıdır. Məhsulumuzun keyfiyyəti ona göstərilən qayğıya bağlıdır. Həzrət Peyğəmbərin bu aylarda hər namazdan sonra “Allahummə bərik lənə fi Rəcəbə və Şaban və bəlliğna Ramazan” (Allahım bizə Rəcəb və Şaban aylarını bərəkətlə qıl və bizi Ramazana çatdır) duası bu qayğının göstəricisidir. Sadəcə bu dua üç ayların önəmini göstərmək üçün kifayət edər.

      Hər bir insanın əsil vəzifəsi dünya və axirətini qurtarmağa çalışmaqdır. Ömür su kimi axıb gedir. Heç kim bunun fərqində deyil. Sanki üç aylar bizim qapımızı çalaraq yuxudan oyandırmağa çalışır. Beləliklə bir ilin daha keçdiyini anlayırıq. Bu səsə qulaq verənə eşq olsun.

      İslam dini tətbiqata dəyər verən dindir. Odur ki, heç bir gün və gecənin tədbir və mərasimə ehtiyacı yoxdur. Mərasimlər o günlərə dəyər qatmaz. Mərasimlərlə vaxt keçirmək əvəzinə İslamı yenidən diriltməyə səy göstərmək lazımdır. Hər bir fərd mübarək gün və gecələrini ehya etdiyi qədər fayda əldə edər.

      Əlbəttə ki, müsəlman sadəcə bu gün və aylarda deyil, bütün günlərini aylarını Rəbbi ilə bərabər keçirməli onun razılığına nail olmaq üçün çalışmalıdır. Ancaq bəzi günlər var ki, bunlara özəl dəyər verilmişdir.

      Üzümüzə gələn bu mübarək üç aylardakı mübarək gecələrə də təmas etmək yerinə düşərdi.

      Peyğəmbər əleyhissalamın Allahla görüşdüyü Merac hadisəsi Rəcəb ayında baş tutmuşdur. İslam alimlərindən Ləknəvi Rəcəb ayının 27-ci gecəsi olaraq qəbul edilən Merac gecəsini çox ibadət edərək ehya etmənin müstəhab oluduğunu ifadə etmişdir. Həmçinin Ramazan ayında hazırlıq bu aydan etibarən başlayır. Yuxarıda qeyd etdiyimz dua bu aydan etibarən oxunmağa başlanır.

      Şaban ayının on beşinci gecesi Bərat gecəsidir. Həzrət Peyğəmbər bu gecənin önəminə belə işarə etmişdir: “Allah-Təala rəhmətiylə Şaban ayının on beşinci gecəsi dünya səmasına təcəlla edər və Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayısından çox insanı bağışlayar.(Tirmizi, Savm 8). Alim Ləknəvi “Hər kəs istərsə bu gecədə namaz qılar, istərsə digər ibadətlərlə məşğul ola bilər. Nə qədər və necə qılınacağı hər kəsin istəyinə həvalə edilib. Ancaq bu ibadət şəkli Peyğəmbərin qadağan edib çəkindirdiyi şəkildə olmamalıdr”,- deyərək ibadətin mahiyyətinə diqqət cəlb etmişdir.

      Min aydan daha xeyirli olan Qədr gecəsi Ramazan ayındadır. Bu gündə edilən bütün səmimi dualar Allah dərgahında qəbul ediləcəkdir.

      İnşallah bu mübarək aylar hər birimiz üçün bağışlanma və dinimizi özünə uyğun şəkildə tənzimləmə vəsiləsi olar. Bu üç aylarda yaşadığımız mənəvi iqlimi bütün həyatımıza daşıma vəsiləsi olar. Hər ay bu aylardakı mənəviyyat ilə yaşama, hər gün bu aylardakı mübarək günlər kimi yaşama və bütün ömrümüzü də bu aylardakı hüzur və mənəviyyatla yaşama təmmənnası ilə...

       

       

      • Hits: 1190 clicks

      Tecox component by www.teglo.info