Nurlan MƏMMƏDZADƏ / ŞEİRİN ÜFÜQÜNDƏ ONA CAN ATMAQ

    PDF faylını alÇapE-poçt

      Share

      Zaman; zamanların ən gözəli, əsri-səadət. Həzrət Rəsul həyatda, Mədinədə əshabıyla birlikdə...

      Məkan; Məkkə... Kəbə bütlərlə dolu, qəlblər küfr və şirk bataqlığında. Hələ müsəlman deyil Əbu Süfyan, İkrimə, Xalid və digərləri; Günəşin yaxınlığında...

      İki əsir var... Əlləri bağlı, edam olunmağa namizəd. Suçları iman etmək və xəstə qəlblərə şəfa vermək üçün Aləmlər Sultanının əmri ilə yola çıxmaq. Rəci adlanan yerdə əsir götürülən bu iki gənc bir neçə gün öncə şəhid edilən səkkis yoldaşına qovuşmaq üzrədir. İki rükət namaz qılınmış, müşriklərin “ölümdən qorxduqları üçün bu qədər uzatdılar” deməməsi üçün kiçik surələrlə qısa tutulmuş...

      Dar ağacının altında ölümü şəbi-arus kimi gözləyən, qovurucu səhrada soyuq suya həsrət insanlar kimi şəhadəti içməyə tələsən Zeydə yaxınlaşır Əbu Süfyan və soruşur:

      “Düzünü de, indi ailənin yanında olsaydın, sənin yerinə Muhamməd burada olsaydı və sənin əvəzinə onu assaydıq, necə də gözəl olardı, elə deyilmi?”. Zeyd bin Dəsinə imandan məhrum Əbu Süfyanın halına acıyaraq üzünə baxdı və son sözlərini söylədi:

      “Sən nə dediyinin fərqindəsənmi? Nəinki Muhammədin burada olmasına, heç indi olduğu yerdə ayağına tikan batmasına da razı olmaram”. Bu cavabdan heyrətə düşən Əbu Süfyanın məşhur sözü:

      “Mən dünyada elə bir adam görmədin ki, Muhammədin əshabının onu sevdiyi qədər dostları tərəfindən sevilsin!”...

      Əbu Süfyanın hələ müsəlman olmadan əvvəl söylədiyi bu sözlər Allah Rəsulunun ümməti tərəfindən hansı duyğularla sevdiyini, Onun başına pərvanə olduqlarını göstərən ən möhtəşəm ifadələrdən biridir. Bu söz ona görə belə möhtəşəmdir ki, yaşanmış bir hadisənin zehinlərimizə həkk etdiyi müşəxxəs misalıyla bərabər söylənmişdir. Bəli, bu dünyaya ikinci elə bir insan gəlməyib ki, Həzrət Muhamməd qədər sevilsin. Ümmətinin ona olan sevgisi Leylaları qısqandırdı, Məcnunlar utandı. Əshabın ona olan sevgisi sonrakı nəsillərə ötürülərək həyatın və sənətin hər bucağında öz əksini tapdı. Xəttatlar ən gözəl əl işlərini “Muhamməd” yazaraq ortaya qoydular. Yazı və çərçivələrin bəzədilməsi üçün sənət halına gələn təzhiblə məşğul olan müzəhhiblər ən gözəl təzhib nümunələrini “Muhamməd”ə aid etdilər. Evlərin və qəlblərin ən pak və müstəsna guşələri Ona aid edildi. Çünki Allahdan sonra ən çox sevilən varlıq Odur. Söz sənətinin ustadları sözü onunla zirvələndirdilər və nəti-şəriflər yazdılar. Əslində Allah Rəsulunu mədh edirmiş kimi görünsə də öz sözlərini Onu mədh etməklə şərəfləndirdiklərini bir ərəb şairi nə gözəl ifadə edir:

      “Dediklərimlə Muhammədi mədh etmədim,

      Əksinə, Muhammədlə dediklərimi şərəfləndirdim”.

      Nətlər yazıldı şəninə. Dünyada heç bir sevgiliyə bu qədər şeir yazılmadı. Kimisi nətini yazarkən yoxluğuna dözməyib Şama hicrət edən Bilal Həbəşi kimi yurdunu-yuvasını tərk etdi, çöllərə düşdü. Kimisi günahlarının çoxluğundan dolayı, ən çox sevdiyi əmisini öldürən, sonra müsəlman olan Hz. Vəhşinin sütunların arasından gizlənərək baxdığı kimi, kəlmə sütunlarının arxasından boylandı Həbibullaha. Acizliyini, Ona olan sevgisini bu şəkildə dilə gətirə bildi.  Kimisi Füzuli kimi su olub Ona axmaq istədi. Kimisi “Yağmur”a bənzətdi, “Səni görmüş bir daş da mən olsaydım”,- deyərək Onunla sırılsıklam islanmağı arzuladı. Kimisi səcdədə ikən üzərinə qoyulan dəvə içalatını ana qayğısıyla bir kənara atan və müşriklərə qəzəblə hayqıran Hz. Fatimə kimi Ona edilən ədəbsizliyə səssiz qalmamağın iştiyakı ilə “Sakın tərki ədəbdən!”, ifadələriylə əks etdirdi sevgisini.

      Ustad Sezai Karakoç “Peyğəmbər insanlığın üfüqü, nəti-şərif isə şeirin üfüqüdür”, -deyir. Üfüq bizim gözümüzdə yerlə göyün birləşdiyi nöqtədir. Yəni aşağıdakı ilə yuxarıdakının. Nə hikmətdirsə, qəlbdən yazılmış bir nəti-şərifin sözləri həqiqətən insanı Ona aparır. Çünki nət duyğular dənizində Ona doğru açılan yelkəndir. Minlərlə kilometrlik məsafəni qət edib, Uzaq Çindən Onu görməyə gələn, lakin görə bilməyən Vəhb bin Kəbşələrin axıtdığı göz yaşlarının şair qələmindən mürəkkəb olub yenidən damlamasıdır əslində yazılan hər nət. Şairin dediyi “Ey badi-səba, yolun uğrarsa səmti-Hərameynə, Salamımı ərz eylə Rəsulus-Saqaleynə” sözlərində əslində Ona doğru uçmaq var. Ona salam uçurmaq. Bir daha Ona uçmaq, bir daha, bir daha...

      ***

      Zaman; zamanların ən gözəli, əsri-səadət. Həzrət Rəsul həyatda, Mədinədə əshabıyla birlikdə...

      Məkan; Məkkə... Kəbə bütlərlə dolu, qəlblər küfr və şirk bataqlığında. Hələ müsəlman deyil Əbu Süfyan, İkrimə, Xalid və digərləri Günəşin yaxınlığında...

      Zeyd bin Dəsinə şəhid edilmiş, növbə Hübeybindir... Ətrafa boylanır və bir neçə dəqiqədən sonra şəhadət şərbətini içəcək olan mübarək dodaqları tərpənir: “Allahım, düşmən üzündən başqa bir üz görmürəm. Rəsuluna kiminlə salam göndərəcəyimi bilmirəm. Allahım, Rəsuluna salamımı Sən çatdır. Başımıza gələnləri Ona bildir!”...

      Elə bu zaman Mədinədə əshabıyla birlikdə oturan Rəsulullahda dəyişik bir hal zühur edir, mübarək dodaqları tərpənir: “Və aleyhis-salam!”...

      Ümməti-Muhamməd olmadığı zaman və məkanlarda da daim Onu düşündü. Nəti-Şəriflər əslində Ona göndərilən salamlardır. Ondan gözlənən “Və aleyhis-salam”dır...  

      • Hits: 934 clicks

      Tecox component by www.teglo.info