Hacı Sabir HƏSƏNLİ / Peyğəmbər Sevgisi

    PDF faylını alÇapE-poçt

      Share

       

      Bildiyimiz kimi Allah-Təala Həzrət Peyğəmbəri öz lütfündən bəşəriyyətə ərməğan etmişdir. Onun uca əxlaqı və yaşadığı möhtəşəm həyatı iman gətirənlər üçün ən müstəsna nümunədir. Onu öyrənmədən dinimizin incəliklərindən xəbərdar olmaq mümkün deyil. Qurani-Kərimdə yaradılış qayəmizin Allaha qulluq olduğu bildirilir. Həzrət Peyğəmbər isə bizə bu qulluğun necə olacağını, yəni Rəbbimizə nə cür qul olacağımızı öyrədən Rəsuldur. Həqiqi sevgi sevilənə tabe olmağı zəruri qılır. Bir insanın sevgisi sevdiyinə bağlılığı, itaəti nisbətində ölçülür. Xatəmül-Ənbiyaya sevgimizin ölçüsü də məhz Ona itaətimizdə öz əksini tapır. Üstəlik Ona tabe olmaq Rəbbimizin bir əmridir:

      (Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”

      Allah Rəsulunu nə üçün sevməliyik? Çünki bizə kamillik yolunu göstərən Odur. Çünki zülmət içində qıvranan bəşəriyyətə Haqqa gedən işıqlı yolda bələdçiliyi O etmişdir. İnsan oğlu ona yaxşılıq edənə qarşı qəlbində sevgi bəsləyər, minnətdarlıq duyar. Tanımadığımız bir adamdan gördüyümüz kiçicik bir yaxşılıq belə ona qarşı məhəbbət hissləri keçirməyimizə səbəb olursa, bütün aləmlərə hidayətlə gələn, rəhmət olaraq göndərilən, insanlara kitabı və hikməti öyrədən, dünya və axirətdə səadət yollarını göstərən o uca Peyğəmbəri necə sevməyək? Sevmək inanmaqdır, yaşamaqdır. Aləmlərə Rəhmət olan Rəsuli-Əkrəm (s.ə.s) bir hədisi-şərifində belə buyurur:

      “Sizi nemətləri ilə ruziləndirdiyi üçün Allahı sevin. Allahı sevdiyiniz üçün məni sevin. Əhli-Beytimi də məni sevdiyiniz üçün sevin!” (Tirmizi, 2678)  

      Onu sevməliyik, çünki O, ümməti olan bizləri çox sevirdi. Hər zaman şəfqət qanadlarını ümmətinin üzərinə gərmişdir. Onun bu halı Qurani-Kərimdə belə bildirilir:

      “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!”. (ət-Tövbə, 128)

      Onu sevmək və itaət etmək bizi Onun həyatını dərindən öyrənməyə və hədislərini doğru anlamağa səsləyir. Bir insanın həyatı nə qədər Onun həyatına bənzəyərsə, kamillik yolunda o nisbətdə məsafə qət etmiş olar. Allah hər birimizə Onu sevməyi, Onunla həmhal olmağı və Onun yolunda olmağı qismət etsin!

       

      • Hits: 944 clicks

      Tecox component by www.teglo.info