Eldar Kərimov / İnsandan müsəlmana

    PDF faylını alÇapE-poçt

      Share

       

      Dünyada yüksəkliklərə qalxmaq üçün bir nərdivan vardır. O nərdivanın adı həyat nərdivanıdır. Bu həyat nərdivanının ilk pilləsi isə insan olmaqdır. İnsanaxas xüsusiyyətlərə sahib olan bir insan olmaq. Çirkli dünyada yaşayıb üzərimizi bulaşdırmamaqdır əsas olan. Bizi doğruya aparmalıdır tutduğumuz yol. Qorxaraq deyil sevərək üz tutmalıyıq Yaradana doğru.  Bizə yaxşı desinlər deyə etməməliyik yaxşılıqları. Yaxşılıq etməyin boynumuzun borcu olduğunu unutmamalıyıq. Ətrafımızdakı insanlara yad insanlar olaraq deyil, eyni ata-ananın övladları olaraq baxa bilməliyik. İlahi bir sevginin əsəri olduğumuzu unutmamalıyıq heç vaxt.

      Bəli, biz bu dünyada insan olaraq göz açdıq. Hər şey ola bilərdik; it, pişik və s. Sadəcə iki ayaq üzərində gəzib, gözlərə, əllərə, qulaqlara sahib olmaqla insan olmaq olmur. İnsan olmaq üçün bir də ağıla sahib olmaq lazımdır. O ağıla ki, o bizi qaranlıqdan aydınlığa, pisliklərdən yaxşılıqlara apara bilsin. Yox əgər bizim ağlımız olduğu halda hələ də heyvanlardan aşağı səviyyədə davranış şəkilləri sərgiləyiriksə, deməli, burada insanlıqdan söhbət gedə bilməz. İnsan öz ağlı ilə seçilir digər varlıqlardan. Öz həyat tərzini ağlından istifdə edərək formalaşdırır. Ağılın varlığı insan olmağın əsas şərtidir. Ağıllı insan olmaq isə çox şeyə sahib olmaq deməkdir. Həyat nərdivanının ilk pilləsinə qədəm qoymadan qalxmaq mümkün olmadığı kimi insan olmadan da kamil müsəlman olmaq mümkün deyildir əlbət. İnsan olmadan adda müsəlman olmaq tam bir fəlakət mənbəyidir. İnsan olaraq ata-ana haqlarını bilməyən, öz ağlıyla halalları haramlardan ayırmayan, qəlbində daşlaşmış kin və düşmənçiliklərə əsir olan birinin kamil bir müsəlman olması üçün çox yol qət etməsi lazımdır.

      Hal-hazırda insan olaraq yardılıb yaş üstünə yaş gəldikcə heyvanlaşmağa doğru yol almaqdadır insanlıq. Göz görə-görə quru daş parçasına çevrilir ürəklər. Qəlblərdə rəhmət azaldıqca gözlərdən süzülən yaşlar da azaldı. Halallar haramlara, haramlar da halallara qarışdı yavaş yavaş. Nə qədər ki, gec deyil, yenidən nəzər salmalıyıq ömür yolumuza. Dünyada tayı-bərabəri olmayan insanlıq nümunəsini ortaya qoyan Hz. Məhəmmədin (s.ə.s) ömür yoluna yenidən nəzər salaq. Hz. Peyğəmbərimizin dünyanı şərəfləndirdiyi bu günlərdə bir daha onun getdiyi yollara göz qoyaq.

      Nümunəvi bir həyat yaşadı peyğəmbərliklə şərəfləndiyi günə qədər. Çünki bütün bəşəriyyət üçün ən gözəl insanlıq nümunəsini o sərgiləmişdir. Muhammədul-Əmin olaraq tanınmışdır insanlar arasında. O silmişdir yetimlərin göz yaşlarını. O, bağrına basmışdır miskinləri, başlarına sığal çəkərək. Nifrətin qarşısına sevgini qoymağı o öyrətmişdi bizlərə.

      İndi yenə də dünya ona möhtacdır. Onun rəhmətinə, şəfqətinə və sevgisinə möhtac. Ya Rəsulallah! Sənə yazıram bu naməmi. Bu gün sənin doğum günündür.

      Zülmətə qərq olmuş dünyanı öz nurunla aydınlatdığın gün... Ogünkü gün kimi bu gün də həsrətdir o nurlu qədəmlərinə. İndi gəl gör halımızı. Nələr gəldi başımıza? Dəyişdik, yenidən qayıtdıq cahiliyyə dövrünə. O zamanın Lat və Uzza adlandırılan bütləri bu gün xarici maşınlar və villalar oldu. Hər kəsin yaşam qayəsi budur sanki. Göz görə-görə şirk bataqlığında can verir imanı zəif canlarımız. Şərabı qədəhlərimizdə deyil, yediklərimizlə qarışdırdıq damarlarımıza. Daha qız uşaqlarını qara torpaqda deyil, analarının bətnində gömürük yoxluğun qaranlıqlarına. Zina etmədik. Göz zinası yox etdi gözümüzün nurunu. Xəyallarımız zina meydanı oldu düşüncələrimizə. Qaraltdıq göz zinası ilə ömür yolunu. Haqsız yerə insanı qılıncla deyil sözlə öldürdük. Onun ruhən qətlinə məhəl qoymayıb diqqət etmədik acı sözlərimizə. Danışarkən səndən danışıb, örnək verərkən səni örnək verib. Yaşayarkən unuduruq sənin yaşam tərzini. Üz tuturuq fani dünya nemətlərinin bolluqlarına. Sən yetim başı oxşardın, bəs mən? Sən ac qalıb acları yedizdirərdim, bəs mən? Mən bunları etmirəm, ya Rəsulallah. Mən bunları etsəm, ətrafımda qarnı ac olanlar bir loğma çörək üçün satardımı şərəf və ləyaqətini? Mən bunları etsəm, gözü yaşlı bir yetimim ah-naləsi  ucalardımı ərşi-əlaya?

      Deməli, hələ biz insan deyilik. İnsan olub müsəlman kimi yaşamaq olsa da əsas qayəmiz, biz buna nail ola bilmədik. Hz. Peyğəmbərimizdən insanlığı və müsəlman olmağı öyrənmək ümidilə...

       

      • Hits: 1091 clicks

      Tecox component by www.teglo.info