Fuad QULİYEV / BİR AYƏ

    PDF faylını alÇapE-poçt

      Share

       

      وَأَنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ ۛ وَأَحْسِنُوا ۛ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ

      (Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.Bəqərə 2/195

      Bu ayənin eniş səbəbi Allah yolunda mucadilə aparmaqdan və Onun uğrunda mal xərcləməkdən boyun qaçırmağın təhlükəli bir əməl olduğunu xatırlatmaqdan ibarətdir. Bəzi hədis mənbələrində belə bir rəvayət keçir:

       “Əməvilər dövründə Əbdürrəhman ibn Vəlid komandanlığında İslam ordusu Konstantinopol (İstanbul fəthindən əvvəl) şəhərini fəth etmək üçün səfərə çıxmışdı. Əbu Əyyub əl-Ənsari həzrətləri də bu ordu sıralarında idi. Bizanslılar şəhərin qalalarına arxalanmışdılar və o sırada müsəlmanlardan biri qaladakı düşmən üzərinə açıq bir şəkildə hücuma keçərkən müsəlmanlar “La iləhə illəllah, öz-özünü təhlükəyə atır!!” demişdilər.  Bunun üzərinə Əbu Əyyub əl-Ənsari (r.a) “Ey müsəlmanlar! Bu ayə Ənsar camaatı haqqında nazil oldu. O zaman Allah Peyğəmbərinə (s.ə.s) yardım etdi və İslam dini qalib gəldi.  Belə olan halda biz artıq mallarımızın başında durub onların mühafizəsi ilə məşğul olaqmı deyə soruşduqda Allah bu ayəni nazil etdi. Bundan dolayı özünü təhlükəyə atmaq mal-dövlətlə məşğul olmaq və bunun da Allah yolunda mübarizədən uzaq qalmağa səbəb olmasıdır.”- demişdi. Ondan sonra heç durmadan Allah yolunda mübarizəyə davam etmiş və nəhayət, şəhid olaraq İstanbulda dəfn edilmişdir.

       “Allah yolunda xərcləmək” Allah tərəfindən əmr edilən həyat tərzini təsis etmək üçün bəzi maddi fədakarlıqlar göstərmək mənasına gəlir. Əslində ayə bu mənanı da əhatə edir: “Əgər nəfsinizə itaət edər və Allah yolunda xərcləməzsəniz, bu dünyada  Allahın xoşlamadığı bir həyat tərzi sürərsiniz və bunun nəticəsi kimi axirətdə də əzaba düçar olarsınız. İnsanın xəsislik edərək Allahın ona bəxş etdiyi zənginlik və maddi gücü digər müsəlmanların və ümumiyyətlə cəmiyyətin rifahı və xoşbəxtliyi üçün xərcləməməsi ayənin davamında qeyd edildiyi kimi “insanın özünü təhlükəyə atması” yəni birmənalı olaraq xəsisliyinin qurbanı olaraq cəza görəcəyinə dəlalət edər.

                  Həqiqi bir müsəlman Allah sevgisi ilə çalışmalıdır. Əgər bir şəxs Allahı həqiqətən səmimiyətlə sevərsə, bütün qəlbini, əqlini, nəfsini, bədənini və bir sözlə bütün varlığını  Onun yolunda istifadə edər. Belə bir şəxs sadəcə Allah qorxusu səbəbi ilə əda edilən bir ibadətlə kifayətlənməz, Allah uğrunda səy göstərmək üçün bütün gücünü xərcləyər.

                  Ayənin sonundakı “yaxşılıq edin” mənasına gələn “ehsan” çox geniş bir məna ifadə edir. Belə ki, görülən hər bir işin, atılan hər bir addımın və ya niyyətin “gözəl” (həsən) olmasını istəyir Uca Allah. Məhz ayənin bütün ünsürləri diqqətə alınaraq Allah yolunda xərcləmələrin də səmimi qəlblə “ehsan” duyğuları içərisində həyata keçirilməsi lazımdır.

                

       

       

      • Hits: 705 clicks

      Tecox component by www.teglo.info