Ağsaqqal nəsihəti

    PDF faylını alÇapE-poçt

      Share

       

      İrfan: Əvvəlcə özünüzü tanıdın zəhmət olmasa.

      Vaqif Nuriyev: Mən, Vaqif Bilal oğlu Niriyev 1941-ci ildə aprel ayının 24-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşam. 1961-ci ildən dövri mətbuatda çıxış edirəm. "Kommunist", "Sovet Kəndi", "Yeni Şirvan" qəzetlərində və "Kənd Həyatı" jurnalında müxtəlif oçerklərlə, hekayələrlə çıxış etmişəm. Eyni zamanda "Gənc Sabirçilər" Ədəbi Dərnəyinin fəal üzvlərindən biriyəm.

      İrfan: Eşitdiyimizə görə atanız 1918-ci ildə Qafqaz İslam Ordusu ilə birlikdə ermənilərə qarşı döyüşüb…

      Vaqif Nuriyev: Biz tarixən Türklərlə qardaş olmuşuq. Bunu tarix dəfələrlə sübut edib. Ötən əsrin əvvəllərində ermənilər xalqımıza qarşı qırğınlar törədəndə də bunun qarşısının alınmasında qardaş ölkədən dəstək görmüşük. Düz buyurursunuz, 1918-ci ildə atam türklərlə birlikdə 17 yaşında Qarabağ zonasında düşmənə qarşı döyüşlərdə iştirak edib. O cümlədən Şamaxıda və Bakı ətrafında gedən döyüşlərdə də iştirak etmişdir. Bizim Göylər kəndində o dövrdə, 1918-ci ildə 118 nəfər əhalini işgəncə ilə, böyük faciə ilə qətlə yetirmişdilər. Mənim "Qərib Torpaq" adlı yazımda bu haqda geniş məlumat verilir. O dövrdə atam türklərin böyük rəğbətini qazanmışdır. Sonralar türklər geri qayıdanda atamı da özləri ilə aparmışdılar. Atam 6 ay Türkiyədə qaldıqdan sonar vətənə geri qayıtmışdır.

      Burada bir nüansı xatırlatmaq istəyirəm. Necə ki, XX əsrin əvvəllərində türklər gəlib bizim torpaqlarımızı düşməndən azad etmişdilər, əsrin sonlarında da Sovet İmperiyası dağılıb Azərbaycan yeni müstəqillik qazanan dövrdə yenə türklər gəlib bizim mənəviyyatımızı, dinimizi, imanımızı yad ünsürlərin təzyiqindən azad etdilər. Mənim yadımdadır, o dövrdə 70 illik ateist təbliğatının nəticəsində dinindən, imanından, mənəviyyatından uzaq qalmış insanlarımızı xarici missioner təşkilatlar xristianlaşdırmağa çalışırdılar. Bunun üçün yaxşı şərait də vardı. Məhz həmin dövrdə türklər gələrək bizim dinimizi bir növ yad təsirlərdən xilas etdilər. O vaxt türklərin Azərbaycana gəldiyini eşidib çox sevindim və onlara qucaq açdım. Onlarla yaxın dost oldum. Sonralar mən iki qızımı da Türkiyədə təhsil almaları üçün oraya göndərdim.

       

      İrfan: Vaqif müəllim, bir az da uşaqlıq illərinizə qayıdaq. O dövrdə kəndlərimizdə, rayonlarımızda olan adət-ənənələrimizdən bəhs edin.

      Vaqif Nuriyev: Mənim uşaqlığım müharibə illərinə təsadüf edir. O dövrdə hər yanda aclıq idi, qıtlıq idi. İndi min şükür, hər şey qaydasındadır. Uşaqlıq illərindən yadımda qalan ən böyük şey paklıq, təmizlikdir. Bu hissləri mənə evdə valideynlərim aşılayıblar. O qədər çətin dövrdə yaşadığımıza baxmayaraq, nəfsimizə hakim olmağı bacarmışıq. Qeyd etdiyim kimi o dövr çox ağır dövr idi. Elə evlər olurdu ki, o evlərə oğurluq  girirdi. Çünki başqa cür dolanmaq bir növ qeyri-mümkün idi. Heç yadımdan çıxmaz, təxminən beş yaşım olardı. Uşaqlarla oynadıqdan sonra uşaqların birinin evinə gedib onlarda çörək yemişdim. Evə gəldikdən sonra anam dedi ki, gəl otur çörək ye. Dedim ki, ana, çörək yemişəm. Harda yemisən? Dedim ki, filankəsgildə. Elə həmin an bir də gördüm ki, anam bir başına vurur, bir də  dizinə. Deyir ki, vay, evim  yıxıldı. Dərhal əlimdən tutaraq məni əl-üz yuyulan yerə apardı və dilimi çıxardaraq su ilə yaxşıca yudu. Bunu heç unutmuram.

      Sonra öyrəndim ki, 1923-cü ildə evimizin təməli atılarkən Şamaxıda çox məhşur insan olan Hacı Şıx baba (Şeyx Eyyub babanın oğlu) gəlmiş, binanın bünövrəsinə torpaq atmış, sonra daş ataraq demişdi ki, Bilal, bu evə haram tikə girməsin.

       

      İrfan: Vaqif müəllim, siz həm Şamaxıda, həm də qonşu rayonlarda nümunəvi valideyn kimi tanınırsınız. Övlad tərbiyəsi ilə bağlı nə deyə bilərsiniz. Övlad tərbiyəsində diqqət ediləcək xüsuslar nələrdir? Bu gün evlərdə hansı məsələlər gözardı edilir sizcə?

      Vaqif Nuriyev: Mən şəxsən belə hiss edirəm ki, övlad tərbiyəni ata-anadan götürür. Məsələn, mənim atam xəstə olanda övladlarım onun qulluğunda dururdular. Övladlarım babalarına o qədər diqqətlə, o qədər qayğı ilə yanaşırdılar ki, bizə növbə çatmırdı. Təbii ki, bu tərbiyəni onlar evdə analarından öyrənmişdilər. Anaları atama qarşı necə olmuşdusa onlar da elə idilər. Yadıma gəlir, bir dəfə yaz fəsli ağcların gül açdığını görən oğlum artıq yeriyə bilməyən babasını arxasına alıb bir-bir həyətdəki ağacları seyr etdirmişdi. Sözün qısası, onlar bizdən necə görmüşdülərsə, elə hərəkət edirdilər. Övlad tərbiyəsində ən mühüm amil nümunə ola bilməkdir.

       

       

      İrfan: Vaqif müəllim, ibadətlə nə vaxtdan məşğulsunuz?

      Vaqif Nuriyev: Mən gözümü açandan evdə atamı, anamı ibadət edən görmüşəm və onlardan öyrənmişəm ibadət etməyi. Görüsünüz, bir az əvvəl də qeyd etdiyim kimi onlar da yaşayaraq mənə nümunə olublar.

       

      İrfan: Vaqif müəllim, son olaraq İrfan oxucularına nə deyərdiniz?

      Vaqif Nuriyev: İlk növbədə İrfan redaksiyasına, şəxsən sizə minnətdarlıq edirəm ki, jurnalınızın hər sayında bir-birindən gözəl, aktual, dolğun əxlaqi-tərbiyəvi mövzulara yer verirsiniz. Jurnalınızın hər səhifəsinə baxanda yenilik, yeni ruh hiss edilir. Bir misal verim, 1964-cü ildə Gənc Müxbirlərin Respublika toplantısında iştirak edirdim. O vaxt bu tədbirdə Respublikanın ən nüfuzlu qələm əhli qəzet və jurnallarda gedən yazılara fikir bildirirdi. Yaxşı yadımdadır, tanınmış bir yazıçı durdu ayağa və bir qəzet redaktoruna üzünü tutaraq dedi ki, "müəllim, sizin qəzetinizdə bədii cəhətdən çox aşağı səviyyəli bir şeir gedib. Şeir dağlar, qayalar haqda olsa da, görünür həmin şeirin müəllifi dağ kəndini, çayları, dərələri heç görməyib. O müəllif deyəsən heç şəhərdən kənara çıxmayıb." Şeiri oxudu və dedi ki, "görürsən ki, şeirdə dağlar, dərələr bədii cəhətdən doğru təsvir edilməyib." Ancaq mən demək istəyirəm ki, sizin jurnaldakı yazılar həm bədii cəhətdən, həm də mənəvi cəhətdən çox yüksək səviyyədədir.  Həmiçinin oxuculara da bunu deyə bilərəm ki, həqiqətən də mənəvi aclıqlarını aradan qaldırmaq üçün bu jurnalı seçməklə doğru ünvanı seçmisiniz. 

          

       

      • Hits: 812 clicks

      Tecox component by www.teglo.info