155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Osman Nuri Topbaş / HAK DOSTLARINDAN HİKMETLER Ebû’l-Hasan Harakānî -2-

    PDF faylını alÇapE-poçt

      Share

       

      Əbul-Həsən Haraqani həzrətləri buyurur:

      “İki adamın dində çıxardığı fitnəni şeytan da çıkara bilməz:

      1) Dünya ehtirasına sahib olan alim,

      2) Elmdən məhrum xam sufi!”[1]  

      [Allah qatında məqbul bir qulluq həyatı yaşaya bilmək üçün elm, əməltəqva bütünlüyü vacibdir. Quran və Sünnədən xəbərsiz qulluq istiqamətini qorura bilmək çox çətindir. Lakin başlı-başına bilmək də kifayət etmir. Quran və Sünnəni həyata tətbiq edərək təqvaya nail olmaq lazımdır.

      Qəlbin istiqamətini nəfs və şeytanın hiylələrinə qarşı qoruyan sarsılmaz mənəvi zireh təqva duyğusudur. Təqva Allahın rizasını və məhəbbətini itirmək qorxusuyla haramlardan, hətta şübhəlilərdən uzaqlaşmağı zəruriləşdirən, eyni zamanda ilahi mizanda hesab vermə təlaşı ilə hallardan belə riyazət halında istifadəyə sövq edən bir iman həssaslığıdır.

      Elmin qayəsi və zirvəsi mərifətullahdır. Yəni Allahı qəlbən tanıya bilməkdir. Qəlbən Allahı tanıyan bir bəndə eyni zamanda Allahdan layiqincə qorxar. “…Bəndələri arasında yalnız alimlər Allahdan (layiqincə) qorxar…” (əl-Fatir, 28) ayəsində işarə olunan alimlər də ilahi qüdrət və əzəməti dərk edərək Allah-Təala qarşısında öz “heçlik”, “yoxluq” və “acizlik”lərini anlayan təqva sahibi alimlərdir.

      Nəticə etibarilə hal və hərəkətlərində təqva nişanələri olmayan bir alimin elmi əsas etibarilə iblisin elmindən heç cür fərqlənmir. Çünki iblis böyük elm sahibi idi. Lakin təqvadan uzaq olan bu elmi ilə Allah qatındakı ali məqamını qoruyub saxlaya bilmədi. Əksinə, bu elm onu təkəbbür və lovğalığa sövq edərək eqoist duyğularını qabartdı, beləliklə də zəlalətə düşərək Allahın lənətinə düçar olmasına səbəb oldu. Yəni iblis öz emlini fəsad və zəlalətin sərmayəsinə çevirdi.

      Deməli, elm onu istifadə edənlərin qəlbi vəziyyətinə görə faydalı və ya zərərli ola bilən iki tərəfi kəskin bir bıçaq kimidir. Xeyrə də istifadə edilə bilər, şərə də alət edilə bilər.

      Məhəbbətullah, mərifətullah ixlas və təqva ilə qəlbən səviyyə qazanmamış bir insan -nə qədər elmli olsa da- xam qalmağa məhkumdur. O, bu xamlığıyla elm alıb, məsələn, bir həkim olsa, insanlara şəfa verəcəyi yerdə mənfəəti üçün qaçaq orqan ticarəti ilə məşğul olan insan qəssabına çevrilər. Hüquqçu olsa, ədaləti bərqərar edəcəyi yerdə hansısa cinayət şəbəkəsinin lideri və ya zalım bir cəllad olar.

      Ona görə həqiqi elm təhsili yalnız hansısa elmi biliklərə yiyələnmək deyil. Elmin insana dünyada və axirətdə fayda verməsi üçün o kimsənin mənəvi tərbiyə nəticəsində qəlbən səviyyə qazanması, vicdanının və əxlaqının kamilləşməsi zəruridir. Təsəvvüfün məqsədi də nəfsi təzkiyə edərək qəlbi istedadları inkişaf etdirməkdir. Çünki ehtiraslarının əsiri olan xam bir nəfs sahibi olduğu elmi asanlıqla mənfəətlərinə alət edə bilər. Bir cahilin cəhalətiylə edə bilməyəcəyi zülmü yiyələndiyi elmlə asanlıqla icra edə bilər.

      Qurani-Kərimdə ibrətli qissələri nəql olunan Qarun, Bəlam bin Baura və onlar kimi bir bədbəxtlərin də haqq yoldan azmalarının səbəbi elmlərinin nöqsanlığı deyildi. Onlar kifayət qədər elmli insanlar idilər. Lakin bildikləri xüsusunda “təqva” sahibi deyildilər.

      Əhsabi-kiramdan Yezid bin Sələmə əl-Cufi t bir gün Peyğəmbər r –in hüzuruna çıxaraq:

      “Ey Allahın Rəsulu, mən sizdən çox hədisi-şərif eşitmişəm. lakin sonradan eşitdiklərimin daha əvvəl eşitdiklərimi unutduracağından qorxuram. Mənə hamısını əvəz edəcək bir söz söyləyin!”, -dedi.

      Hz. Peyğəmbər r belə buyurdu:

      “Bildiklərin xüsusunda Allaha qarşı müttəqi (təqva sahibi) ol! (Bu sənin üçün kifayətdir)”. (Tirmizî, Elm 19/2683)

      Bir insanın hər şeyi bilməsi mümkün deyil. Lakin bildilkləri xüsusunda təqva sahibi olmak bəndənin bilmədiyi xüsuslarda da ilahi lütfə məzhər olaraq könlünün haqqa və xeyrə meyil etməsinə, yaxud bilmədiklərini də öyrənməsinə səbəb olar. Necə ki ayeyi-kərimədə də belə buyurulur:

       “…Allahdan qorxun (təqva sahibi olun), Allah sizə (ehtiyacınız olan şeyləri) öyrədər...” (əl-Bəqərə, 282).

      Təfsir alimi Qurtubi bu ayeyi-kərimənin şərhində belə deyir:

      Bu ayədə Allahın şəxsən özünün Ondan qorxanlara elm öyrədəcəyi vədi var. Yəni təqva sahibi olan qulun qəlbinə Allah həqiqətləri idrak edəcəyi və haqq ilə qərbli bir-birindən ayıra biləcəyi bir nur lütf edər”. (Qurtubi, III, 406)

      Yəni öyrəndiklərinin gərəyi olaraq təqva üzrə yaşayan mömin qulların təmiz qəlblərinə Haqq-Təala hikmət və həqiqətlərdən ilham əsintiləri lütf edər. Lakin təqvadan uzaqlaşaraq qəlblərini dünyəvi ehtiraslara və nəfsani arzulara əsir edənlər - elm xadimi olsalar da- yanlış yollara sürüklənməkdən xilas ola bilməzlər.

      Mövlana Həzrətlərinin buyurduğu kimi:

      “Neçə alim var ki, irfandan qisməti yoxdur. Elmi əzbərləyib həzm etmişdir, amma Allahın sevdiyi bir dostu ola bilməmişdir!”.

      Yəni elm onları Allaha yaxınlaşdıracağı yerdə, uzaqlıqlarını artıran bir qəflət pərdəsinə çevrilmişdir.

      Bunu da ifadə edək ki, bu gün cəmiyyətdə getdikcə yayılan səhvlərdən biri də “elm” anlayışının zehinlərdə keçirdiyi məna itkisidir.

      Elm Allah-Təalanın sübuti sifətlərindən biridir. Allah-Təala mütləq və külli elm sahibidir. Yəni Onun elmi olmuş və olacaq hər şeyi əhatə etmişdir. Onun elmi xaricində qalan heç bir şey yoxdur.

      İnsan oğluna ve­rilən maddi və mənəvi bütün elmlərsə Haqq-Təalanın bu sifətindən yalnız bir azcıq təcəllidir. Bu sifətin insanlar üzərindəki təcəllisindən əsil məqsəd qulun ilahi qüdrət və əzəməti lazımınca dərk edərək duyğu dərinliyinə nail olmasıdır. Bunun nəticəsində də bəndədə hər şeyə ibrət nəzəriylə baxış tərzinin meydana gəlməsidir. Oxuduğu və öyrəndiyi bütün elmlərin hikmət  tərəfinə də vaqif olmasıdır.

      Halbuki bugünkü elm anlayışı Allahın kainata qoyduğu maddi, zahiri və fiziki qanunların kəşf və təsbitindən uzağa getmir. Beləliklə o qanunları yaradan Allahı bilmək və tanımaq mənasına gələn “mərifətullah” mərhələsi, yəni işin can damarı göz ardı edilir. Cəmiyyətə ilahi sənətin təzahürləri anladılaraq bunların Sənətkarı olan Allaha ürəkdən bağlanmanın təhsili verilmir. Beləcə təkqanadlı bir quş kimi nöqsan və yarımçıq bir elm anlayışı formalaşır. Halbuki mənəviyyatdan məhrum və təktərəfli verilən bir təhsil nöqsandır. Təhsildə maddə və məna ahəngi şərtdir. Əks halda insan tək qanadla uçmağa çalışan bir quş kimi ac pişiyin loğması olar.

      Buna görə Allahın böyük əmanəti olan övladlar “zülcənaheyn”, yəni iki qanadlı olaraq yetişdirilməlidir. Maddə və məna, bədən və ruh, ağıl və qəlb ahəngində dünya və axirət birlikdə öyrədilməlidir. Övladlarımız peşə və ixtisas təhsillərini ən gözəl qaydada almaqla yanaşı mənəvi dəyərlərini də qazanmalıdırlar. Fəzilət və təqva əhli, saleh, ədəbli, vicdanlı, əxlaqlı həkimlər, mühəndislər, müəllimlər, məmurlar, idarəçilər… olaraq yetişdirilməlidir.

      “Balam oxuyub gələcəyini qurtarsın” deyən bir çox valideyn təəssüf ki, əsil qurtuluşun əbədi qurtuluş olduğunu öyrətmə yolunda eyni cəhdi göstərə bilmir. Hətta bir çox dindar ailə də elm təhsilini sırf dünyəvi diplom qazanmaqdan ibarət zənn edir. “Qadın-kişi, hər kəsə elm öyrənmək fərzdir”, “Elm Çində də olsa, ardınca gedin”, “Alimin ölümü aləmin ölümü kimidir”, “Heç bilənlərlə bilməyənlər bir olarmı” kimi elmə təşviq edən islami həqiqətlərin mənasını öz bildiyi kimi şərh edib:

      “- Mənim də oğlum-qızım oxusun, universiteti bitirsin, magistratura və doktorluq müdafiə etsin, xaricdə xarici dil öyrənsin, karyera sahibi olsun, sonra yaxşı maaşlı bir iş tapsın. Beləliklə qisməti də açılar”,- kimi anlayır. Dünyəvi elm təhsilinə əlavə olaraq axirətini qurtaracaq elmi də öyrətmə düşüncəsi arxa planda qalır, hətta bəzən heç düşünülmür.

      Sami Əfəndi həzrətləri söhbətlərində əsil elmin Allah-Təalanın qüdrət və əzəmətini qəlbdə hiss etmək olduğunu ifadə edər və bu elmə sahib olmağın şərəfini hər fürsətdə xatırladardı. Bir gün ziyarətinə gələnlərdən biri həm Həzrətin duasını almaq, həm də qardaşı oğlanlarını tanış etmək istəmişdi. Hüzuruna çıxıb əlini öpərkən:

      “Əfəndim! Bu cavanlar Amerikada oxuyub mühəndis oldular. Dualarınızı buyurun!”,- deyə təqdim etdi. Sami Əfəndi həzrətləri isə mənalı bir təbəssümlə onlara:

      “- Bu fəqir də Darul-Fünun məzunudur. Lakin əsil təhsil mərifətullah təhsilidir!”,- buyurdu.

      Bu gün cəmiyyətdə əsasən maddi qayğılar ön planda tutulduğu üçün bu uğurda övladların mənəviyyatına zəhər səpilməsinə belə göz yumulur.

      “- Görəsən, oğlum-qızım Allahın razı olduğu bir mühitdə elm ala biləcək, yoxsa qarışıq mühitlərə qarışıb mənəvi cəhətini zədələyəcək?”,- deyə bir narahatlıq hiss keçirilmir. Təəssüf ki, zəmanəmizdə seldə sürüklənən kötüklər kimi bu şüursuzluğa qapılmış bir çox müsəlman ailə mövcuddur.

      Halbuki nə üçün dünyaya gəldik? Bir müddət sonra nə üçün dünyanı tərk edəcəyik? Qəbir və qəbir sonrasında nələr yaşayacağıq? Böyüyən nəsillər bu sahədə cahil olaraq yetişdirilir. Elmlə məşğul olaraq Allah qatında qiymətli bir iş gördüyünü düşünən gənc beyinlər Quranın mədh etdiyi əsil elmin məzmunundan qafil qalırlar. Bəli, Qurani Kərimdə: “…Heç bilənlərlə bilməyənlər bir olarmı?..” (əz-Zumər, 9) buyurularaq “bilən”lərdən olmağa təşviq edilir. Lakin eyni ayənin başında həqiqi mənada bilənlərin, yəni əsil “elm” sahiblərinin bu üç xüsusiyyəti də zikr edilməkdədir:

      1) Səhər vaxtlarında səcdə edərək və qiyamda duraraq ibadət etmək.

      2) Axirət təlaşı içində olmaq. (Əbədi qurtuluş üçün səy göstərmək. Çünki son nəfəsi imanla verə bilmək xüsusunda peyğəmbərlər və onların bildirdiyi kəslər xaricində heç kimin zəmanəti yoxdur.)

      3) Rəbbinin rəhmətini ümid etmək. (Dua və yalvarış halında yaşamaq. Çünki bütün saleh əməllərimiz də Allahın qəbuluna möhtacdır.)

      Şübhəsiz ki dünyaya gəliş səbəbimiz axirəti qazanmaqdır. Haqq-Təala elmi bizə Uca Zatını tanımamız və əsil həyat olan axirətə hazırlanmamız üçün bildirir. Allah qatında qula dəyər qazandıracaq elmin əsil məqsədi bu həqiqətlərin öyrənilib gərəyincə yaşanmasıdır. Yəni elmin məqsədi sırf dünyəvi rütbə, mənfəət, rahatlıq və güc əldə etmək deyil. Çünki fani dünya həyatı əbədi axirət səfərindəki qısa bir mərhələdir. Biz dünyadan nəsibimizi unutmamaqla birlikdə axirətimizi qazanmaq üçün burada olduğumuzu da unutmamalı, əbədi səadəti təmin edəcək elmdən qafil qalmamalıyıq.

      Universiteti qurtarmış, ali təhsil diplomu almış, elmli, mədəni bir çox gənclər görürük. Çox təəssüf ki, Quran və Sünnə mədəniyyətindən bixəbərdirlər. Aldıqları  təhsilin də Quran və Sünnədə mədh edilən elm olduğunu zənn edirlər. Halbuki insanın zehinini və qəlbini Allaha aparmayan, Onun qüdrət və əzəmətini idraka çatdırmayan biliklər ona bu dünyada bir rütbə və mövqe qazandırsa da, əbədi həyatda çətin vəziyyətə düşməkdən qurtara bilməz. Məhz bu cür təktərəfli elm təhsili üçün verilən əməklər bir brilyantın zibilliyə atılması kimi həzindir. Bu həqiqəti çox da gec olmadan anlayıb Haqq qatında məqbul olduğu kimi elm təhsilinə cəhd göstərmək lazımdır.

      Xüsusilə dini elmlərin təhsilində əvvəlcə qəlbə səviyyə qazandıracaq mənəvi tərbiyə və təqva təhsilinə ağırlıq verilməlidir. Çünki insanı Haqq qatında məqbulluq dərəcəsinə yüksəldən dini təhsil diplomu deyil, qəlbindəki təqvasıdır. Təqvadan uzaq olan dini təhsil ilahi həqiqətləri də dünyəvi və nəfsani qayğılarla qiymətləndirən “din alimi” etiketli “din təxribatçıları”nın meydana çıxmasına zəmin hazırlayar. Bunlar da sərvət, şəhvət və şöhrət kimi nəfsi ehtiraslara tamah salaraq verdikləri fətvalarda “Kitab və Sünnəyə uyma” həssaslığını itirərək “kitabına uydurma”ğa meyil edərlər. Cəmiyyətin dini təhsil nöqsanlığından doğan cəhalətini fürsət bilərək on doğrunun arasına qatdıqları bir səhvlə dinin hökmlərini istədikləri kimi dəyişərlər. Elmə xidmət adı altında cəmiyyətin imanını pozarlar.

      Tarix dəfələrlə şahid olmuşdur ki, təqva əhli olmayan din alimləri dinin hökmlərini öz mənfəətlərinə görə izah etməkdən çəkinməmişlər. Mənfəət ümid etdikləri faniləri məmnun etməyi Allahın rizasından daha ön planda tutacaq qədər alçala bilmişlər. Necə ki, dinlər tarixinə baxdığımız zaman yəhudilik və xristianlığın bu şəkildə təhrifə uğramış olduğu artıq hər kəsin bildiyi bir gerçəkdir.

      Yenə tarixə baxdığımızda canı bahasına da olsa ilahi hökmlərdə güzəştə getməyib elmin təmkinini qoruyan müttəqi alimlərə də şahid oluruq.

      Böyük İslam hüquqşünası Əbu Hənifə həzrətlərinə xəlifəlikdən sonra ən yüksək rütbə olan Bağdad qazılığı təklif edilmişdi. Lakin iqtidardakı zalım idarəçilər tərəfindən fətvalarının təhrif edilib nahaq işlərinə alət ediləcəyini bilən Əbu Hənifə həzrətləri bu təklifi rədd etdi. Həzrət təklifi qəbul etmədiyi üçün zindana atılıb qırmanclanaraq cəzalandırıldı. Lakin Əbu Hənifə həzrətləri dinin hökmlərinin təhrif edilməsindənsə, zindanda qırmanc yeməyə razı oldu. Ona bu zülmü rəva görənlər bu dünyaya gəlib-keçdilər, lakin bu gün Əbu Hənifə həzrətləri Əhli Sünnə vəl-Camaatın İmam Əzəmi kimi könüllərdə yaşamağa və xeyir-dualarla yad edilməyə davam edir.

      Bu baxımdan din və dünyanın, hüzu və əmin-amanlıqla varlığını davam etdirməsi insanlara rəhbərlik edən alimlərin bildikləriylə əməl etmələrinə və təqva üzrə yaşayıb canları bahasına da olsa həqiqəti inkar etməmələrinə bağlıdır. Biz də dini sahədə təhsilimizi kimdən aldığımıza son dərəcə diqqət yetirməli, məhz bu cür qüvvətli istiqamət sahibi olan saleh və arif alimlərin təbliğ və irşadlarından feyz almağa çalışmalıyıq. Necə ki, Qazı Şüreyh həzrətləri Həzrət Ömərə bir məktub yazaraq (necə hökm verməsi ilə bağlı) sual vermişdi. Həzrət Ömər t da cavabında belə yazdı:

      “Allahın kitabında olanlarla hökm et. Əgər onda tapa bilməsən, Allah Rəsulunun sünnəsiylə hökm et! Allahın kitabı və Rəsulunun sünnəsində də tapa bilməsən, saleh (alim)lərin verdiyi hökmlərə görə hökm ver...” (Nəsai, Qudat, 11/3)

      Unutmamaq lazımdır ki, bir adamda elm olduğu halda əməl yoxdursa, yaxud da elm və əməl olduğu halda ixlas və təqva yoxdursa, her iki halda da aqibıt zərərlidir. Allah-Təala elmlərini nəfsani mənfəətlərinə alət edən əməlsiz alimləri Qurani-Kərimdə “kitab yüklü uzunqulaqlar”[2] kimi təsvir edərkən ixlas və təqvadan uzaq, qafilcə əməl işləyənlərə də “vay onların halına”[3] buyurur.

      Əbul-Həsən Haraqani həzrətlərinin ilk növbədə işarə etdiyi, dində fitnəyə səbəb olan “cahil və xam sufilər” məsələsinə gəldikdə isə:

      Əvvəlcə ifadə edək ki, həqiqi təsəvvüf qəlbi təmizləyərək sırf Allaha məxsus edə bilmək üçün alınacaq mənəvi təhsildir. Haqq-Təaladan uzaqlaşdıran bütün hal və hərəkətlərdən təmizlənmək üçün nəfsə qarşı aparılan və heç bir zaman sülhü olmayan böyük bir cihaddır. Quran və Sünnəni təqva ölçüləriylə həyata keçirməkdir.

      Təsəvvüfün mənasından xəbərsiz olaraq “təqva” ölçüləriylə yaşadığını zənn edən bəzi xam sufilər də kifayət qədər dini savadı olmalanlara təsir edərək zərər verə bilərlər. Çünki seyri-süluk əsnasında, yəni mənəvi tərbiyə səfərində ifa edilən riyazət, mücahidə və bəzi ruhi təlimlər nəticəsində qəlbdə təcəllilər, ilham və hisslər zühur etməyə başlayar. Əsas məqsəd olmayan bu halların hər biri aşılması zəruri olan qorxu və xəyallardır. Eyni zamanda bunların Rəhmani, yoxsa qeyri-Rəhmani olduğunu ayırd edə bilmək üçün kamil bir mürşidə ehtiyac vardır. Kamil mürşidlər bu kimi halları Quran və Sünnə çərçivəsində təhlil edərək müridlərinə lazım olan tövsiyələr edər və onların yoldan çıxmasının qarşısını alarlar.

      Lakin Quran və Sünnənin istiqamət ölçülərini kifayət qədər dərk etmədən və ya özünü şəriətin qoyduğu ölçülərlə irşad edəcək kamil mürşiddən məhrum bir şəkildə bu cür qeyri-adi hallarla qarşılaşan bəzi sufilər fərqində olmadan nəfs və şeytanın tələsinə düşə bilərlər. Gördükləri bəzi mənəvi işarələrlə özlərini kamala çatmış zənn edərək ətrafdakılara yanlış təlqinlərlə, ayə və hədisləri öz nöqsan biliklərinə görə şərh etməklə  təsir edə bilərlər. Bu kimi cahillər irşad etdiklərini düşünərək fərqinə varmadan özlərinə tabe olanları yoldan çıxara bilərlər. Elə buna görə də Əbdülxaliq Gücdüvani həzrətləri müridlərindən birinə belə nəsihət etmişdir:

      “Heç vaxt elm öyrənməkdən uzaq olma! Fiqh və hədis elmini öyrən! Cahil sufilərdən də uzaq dur. Çünki onlar din yolunu təxrib edən və müsəlmanlığın yolunu kəsənlərdir”.

      Burada onu da qeyd edək ki, bəzi cahil sufilər müəyyən fövqəladə qabiliyyətlərə də sahib ola bilərlər. Məsələn, bəziləri qarşıdakının fikrindən keçirdiklərini oxuya bilərlər. Cinləri xidmətçi kimi işlədərək bəzi sirlərə yiyələnə bilərlər. Həmsöhbətlərini də bunun mənəvi qabiliyyətlərindən zühur etdiyinə inandıra bilərlər. Cahil insanlar da “Bu insanın kəşfi açıqdır, qəlbimdən keçirdiklərini bildi” deyə düşünə bilərlər. Hissi-qabləl-vüqu, yəni reallaşmadan əvvəl bəzi şeylərin hiss edilməsi və ya məlum olması kimi fövqəladə hallar da Allahın bəzi qullarına olan bir imtahandır. Bu cür hisslər düz də ola bilər, səhv də...

      Qurtubinin qeyb bəhsində bir hadisə nəql olunur:

      “(Zalım ləqəbiylə məşhur Əməvi valisi) Haccacın (v. 95/714) hüzuruna bir münəccim gəlir. Haccac onun gözlərini bağlatdırdıqdan sonra əlinə bir neçə çınqıl daş götürərək onları sayır və:

      “- Əlimdə neçə dənə daş var?”,- deyə soruşur. Münəccim daşların sayını düz tapır. Haccac bu dəfə saymadan bir ovuc daş götürür:

      “- İndi de görüm əlimdə neçə dənə daş var?”,- deyə soruşur. Münəccim təxmin edir, lakin yanılır. Sonra da:

      “- Ey əmir! Mənə elə gəlir ki, onların sayını siz də bilmirsiniz”,- deyir. Haccac:

      “- Bəli, bilmirəm”,- dedikdə münəccim:

      “- Elə isə sizin bilmədiyinizi mənim də bilməyim mümkün deyil”,- cavabını verir. Haccac:

      “- Bununla əvvəlkinin arasında nə fərq var?”,- deyə soruşduqda isə münəccim:

      “- Əvvəlkiləri saymışdınız, o zaman daşların sayı qeyb sərhədlərindən çıxmışdı. (Sizin zehninizdəki, mənim zehinimə ötürülürdü.) Bunları isə saymadınız, bax bu, qeybdir”,- deyir və: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!..” (ən-Nəml, 65) ayəsini oxudu.”[4]

      Bu hadisə həmsöhbətinin zehinindən keçənləri oxuya bilmə qabiliyyətinə gözəl bir misaldır. Yəni bu cür qabiliyyətlərin hökmən mənəvi bir məqam ilə izah edilməsi lüzumlu deyil. Çünki Hindistandakı yoqlar da bəzi ruhi təlimlər nəticəsində -od üstündə gəzmək kimi- bəzi fövqəladə davranışlar sərgiləyə bilirlər. Məhz buna görə də Cü­neyd Bağ­da­di həzrətləri bu barədə:

      “Bir adamın havada uçduğunu, ha­lı Ki­tab və Sün­nəyə uyğun deyilsə, bu bir (kəramət deyil) is­tid­rac­dır”,- bu­yurmuşdur.

      Lakin təəssüf ki, bir çoxları Quran və Sünnəyə kifayət qədər vaqif olmadıqları üçün bu kimi insanların təsirinə düşə bilirlər. Beləliklə şəriət baxımından yanlış olan bəzi fikir, hərəkət, xürafat və bidətlər -sanki dindarlığın vacib göstəricisi kimi zənn edilərək- cahil kəslər arasında yayılıb qəbul edilməkdədir. Əslində elə tarixdə bəzi təriqətlərin pozulub istiqamətini itirməsi də bu səbəblə olmuşdur.

      Beləliklə Rəsulullah r -in bu tövsiyələrini yaddan çıxarmamaq lazımdır:

      “…Məndən sonra sağ qalıb uzun ömür sürənlər bir çox ixtilaflar görəcəklər. O zaman sizin vəzifəniz mənim sünnəmə və doğru yolda olan Xülafeyi-Raşidinin sünnəsinə bağlı qalmaq olsun.bu sünnələrdən möhkəm yapışın. Sonradan ortaya atılmış bidətlərdən var gücünüzlə uzaqlaşın. Çünki hər bidət zəlalətdir, azğınlıqdır”. (Əbu Davud, Sünnə, 5/4607; Tirmizi, Elm, 16)

      Deməli, Quran və Sünnədən xəbərsiz təsəvvüfi həyat yaşana bilməz. Çünki dini savadı nöqsan olan bir adam təqva üzrə yaşadığını zənn etdiyi halda Quran və Sünnəyə müxalif sözlər söyləyə, yanlış hal və davranışlara meyil edə, səhv fətvalar verə bilər. Bu da onu və ona tabe olanları əbədi fəlakətə düçar edər. Necə ki, bu həqiqət el arasında “Yarımçıq həkim candan, yarımçıq molla dindən edər”,- şəklində xülasə edilmişdir.

      Bunu da yaxşı bilmək lazımdır ki, böyük övliyaların kəşf və kəramətləri belə heç bir zaman vəhy kimi qəti və mütləq doğru kimi görülə bilməz. Ancaq Quran və Sünnə süzgəcindən keçirdikdən sonra bunlara etibar etmək olar.

      Sami Əfəndi həzrətləri tez-tez söhbətlərində təqva səfərində mühüm bir mərhələ olan nəfsi mülhəmədən bəhs edər və:

      “Nəfsi-mülhəmə xeyir və şərin ayırd edilməyə başlandığı bir mərhələdir. Lakin nəfsi-mütməinnəyə çatana qədər bir təminat yoxdur. Nəfsi-mülhəmədə gələn ilhamlar bəzən Rəhmani ola bilər, bəzən olmaz”,- buyurardı.

      İmam Rəbbani həzrətləri də bu barədə belə buyurmuşdur:

      “Mənəvi hallar şəriətə bağlıdır, şəriət hallara bağlı deyil. Çünki şəriət sağlam və qətidir, doğruluğu vəhylə sabitdir. Hallar isə zənnidir, kəşf və ilhamla sabitdir”.

      Bu səbəblə bizim əsas vəzifəmiz də “Əmr olunduğun kimi dostdoğru ol…” (Hud, 112) ayeyi-kəriməsinin gərəyi olaraq ən azından zəruri dini biliklər sahəsində Quran və Sünnənin məzmununda dərinləşərək istiqamət üzrə yaşamağa çalışmaqdır.

      Unutmayaq ki, bizim üçün hər xüsusda “Üsveyi-Həsənə”, yəni ən böyük nümunəvi şəxsiyyət Rəsulullah r -dir. Həyatımızın hər mərhələsində Ondan nümunə götürməliyik. Onun könül iqlimindən nəsib alaraq böyük həssaslıqla izini təqib edən Allah dostlarının, təqva sahibi alim və arif şəxsiyyətlərin öyüdlərini diqqətlə dinləməliyik. Özümüzü Quran və Sünnəni bilməyənlərin və ya bildiyi halda yaşamayanların yanlış görüş və fətvalarından qorumalıyıq. Hal və hərəkətlərində Rəsulullah r –dən, səhabeyi-kiramdan, sələfi-salehindən, övliyaullahdan heç bir iz daşımayan insanların izi ilə getməməliyik.]

      Allah-Təala hər birimizə razı olduğu kimi qulluq edə bilməyi qismət etsin. Fikrimizi, hissiyyatımızı, əməllərimizi, hal və hərəkətlərimizi rizasına uyğun eyləsin.

      Amin!..

      [1] Əttar, Təzkirətul-Övliya, s. 624.

      [2] Bax. əl-Cumuə, 5.

      [3] Bax. əl-Maun, 4-6.

      [4] Bkz. Kurtubî, el-Câmî, XIII, 226.

       

      • Hits: 943 clicks

      Tecox component by www.teglo.info