Kamran Məmmədov / HİKMƏT LÖVHƏLƏRİ

    PDF faylını alÇapE-poçt

      Share

       

      MƏSNƏVİDƏN

      Kar adamın xəstə ziyarəti

      Bir kar qonşusunun xəstə olduğunu öyrəndi.

      Öz-özünə:

      “Bu kar qulağımla qonşumun nə dediyini başa düşmək imkanslzdlr, lakin yenə də getmək lazımdır, getməzsəm olmaz”,- deyə düşündü. Sonra da:

      “Xəstəni ziyarətə gedərəm ona:

      “Əziz dostum, necəsən?”,- deyərəm. O:

      “Yaxşıyam şükürlər olsun”,- deyə cavab verər. Sonra nə yediyini soruşaram. O da hansısa bir şorbanın adını deyər, mən:

      “Nuş olsun”, dedikdən sonra həkimlərdən kim gəlir, səni kim müalicə edir?”,- deyə soruşaram.

      “Filan həkim”,- cavabını verdikdən sonra:

      “O həkimin ayağı çox düşərlidir, yaxşı təbibdir. Əgər o gəlibsə, işin düzəlib”,- deyərəm.

      Kar fikrində bu sualları və verəcəyi cavabları quraraq qonşusunu ziyarətə getdi. Salam verib görüşdükdən sonra soruşdu:

      “Necəsən, qonşu?”.

      Qonşusu zarıyaraq:

      “Ölürəm”,- dedi.

      Kar daha əvvəl düşündüyü kimi:

      “Çox şükür”,-dedikdə xəstə buna əsəbiləşdi.

      “Bu necə qonşudur, yəqin pisliyimi istəyir”,- deyə fikrindən keçirdi. Elə bu zaman kar soruşmağa davam etdi:

      “Nə yemisən?”. Xəstə hirslə cavab verdi:

      “Zəhrimar!”.

      Kar halını pozmadan:

      “Nuş olsun”,- dedi. Artıq əməlli-başlı əsəbiləşən xəstə hirsindən nə edəcəyini bilmirdi.

      Kar soruşdu: “Müalicə üçün həkimlərdən kim gəlir?”

      Artıq dözə bilməyən xəstə: “Rədd ol burdan, kim gələcək, Əzrayıl!”- deyə qışqırdı.

      Bu zaman kar: “Həə onun ayağı çox uğurludur, artıq kədəri burax sevin, şənlən”,- dedi.

      Artıq xəstənin kədərinin sərhədi yox idi, sanki qəhr olmuşdu.

      Kar qonşuluq haqqını ödədiyini düşünərək sevinclə çölə çıxdı.

      Xəstə isə bu zaman belə düşünürdü:

      “Bu adam mənim düşmənimmiş, pisliyimi istəyirmiş, bu günə qədər tanımamışam”.

      Dərvişin Yeri

      Padşahlar məclisində sol tərəfdə igidlər, bahadırlar, qəhrəmanlar oturar. Çünki ürək bədənin sol tərəfindədir.

      Mühasiblər, hesab məmurları, katiblər, şair və ədiblər padşahın sağında əyləşərlər, çünki yazı yazmaq və iş görmək sağ əlin işidir.

      Dərvişlərə padşahın qarşısında yer verərlər. Çünki onlar bədənnüma güzgüsüdürlər, güzgü isə insanın qarşısında olmalıdır.

      İmanı Olmayanın Xeyri

      Cüneyd Bağdadi (q.s) qış günü bir atəşpərəstin quşlara yem payladığını gördü və aralarında belə bir dialoq keçdi:

      - Sən xeyir əməl işlədiyini fikirləşib özünü boşuna aldadırsan. Allah əvvəlcə imanı fərz qılmış, digər xeyir-həsənatı ondan sonra əmr etmişdir. İman etmədikcə sənin bu yaxşılığın Allah qatında məqbul olmaz.

      - Mən də bilirəm ki, qəbul olunmayacaq. Lakin Allah bu etdiyimi görmür, bilmir?,- dedi.

      - Əlbəttə, görür və bilir.

      - Elə isə O mənə yetər!,- deyən atəşpərəst öz işinə davam edir.

      Aradan bir müddət  keçdikdən sonra Cüneyd Bağdadi həzrətlər bir həcc mövsümündə Məscidi-Həramı təvaf edərkən bir adamın əllərini açaraq Allaha yalvardığını, gözlərindən sel kimi yaşlar axıtdığını görür. Yaxşıca diqqət yetirir, o şəxsin qarlı havada quşlara yem verən atəşpərəst olduğunu görür. Təvafdan sonra yanına yaxınlaşıb dərhal qollarından tutur. Atəşpərəst də onu tanıyır və:

      - Allah gördü və bildi,- deyib kəlmeyi-şəhadət gətirib ruhunu orada təslim edir.

      O an Cüneyd Bağdadiyə (q.s) Allah tərəfindən belə bir nida olunur:

      - Ya Cüneyd! Sən Beytimi arzu edərək gəldin və ona qovuşdun. O isə məni arzu edərək gəldi və mənə qovuşdu.

       

       

      • Hits: 920 clicks

      Tecox component by www.teglo.info